BMU-da birinci Koreya dili danışıq müsabiqəsi keçirilib

BMU-da birinci Koreya dili danışıq müsabiqəsi keçirilib

Bakı Mühəndislik Universitetinin (BMU) Xarici əlaqələr və layihələrin idarəolunması şöbəsi və Xırdalan Kral Seconq İnstitutunun birgə təşkilatçılığı ilə 1-ci Koreya dili danışıq müsabiqəsi keçirilib.

BMU-İNHA ikili diplom proqramı çərçivəsində baş tutan müsabiqənin məqsədi proqrama əsasən təhsil alan tələbələrə və Xırdalan Kral Seconq İnstitutunun dinləyicilərinə Koreya dilini mənimsətmək olub.

Tədbirdə BMU-İNHA ikili diplom proqramının idarə edilməsi üzrə bölmə rəhbəri Hyunjin Yang və ikili diplom proqramı üzrə baş mütəxəssis Sevinc İsgəndərova proqram çərçivəsində gerçəkləşdirilən işlərdən bəhs ediblər. Xırdalan Kral Seconq İnstitutunun tələbə və dinləyicilərə göstərdiyi dəstəkdən məmnun olduqlarını bildirən çıxışçılar yarış iştirakçılarına uğurlar arzulayıblar.

Yarışmada 28 nəfər tələbə və dinləyicinin müxtəlif mövzularda çıxışları dinlənilib, münsiflər heyəti tərəfindən qaliblərin adları açıqlanıb. I yerin qalibləri sözügedən proqram çərçivəsində təhsil alan BMU-nun 1-ci kurs tələbəsi Aysun Hüseynova, 2-ci kurs tələbəsi Sevinc Məmmədova və Xırdalan Kral Seconq İnstitutunun dinləyicisi Aynur Sadıqova olub.

Qaliblər Koreya Respublikasının ölkəmizdəki səfirliyi və İnstitut tərəfindən mükafatlandırılıblar.

Tədbirdə iştirakçılara lotereya nömrələri təqdim olunub. Lotereyada qalib olan iştirakçılara hədiyyələr, həmçinin Bakıda fəaliyyət göstərən Koreya mədəniyyət evini ziyarət etmək üçün kuponlar verilib.

Müsabiqənin sonunda iştirakçılara Koreya milli mətbəxinin təamları təqdim edilib.

Digər xəbərlər