BMU ilə yeni əməkdaşlıq müqaviləsi imzalanıb

Hollandiya Biznes Akademiyasının rektoru, professor Jan van Zvieten və Rumıniyanın Azərbaycandakı Dil və Mədəniyyət Mərkəzinin direktoru, fəlsəfə doktoru İosefina Blazsani-Batto Bakı Mühəndislik Universitetində (BMU) olublar. Onlar BMU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Manafəddin Namazov və  Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin müdiri Arif Nəcimovla görüşüblər.

Dosent M.Namazov BMU-nun beynəlxalq əlaqələrindən, universitetin xarici layihə və proqramlarda iştirakından danışıb. O, Hollandiya Biznes Akademiyası, Hollandiya Texnoloji Universiteti, Rumıniyanın Azərbaycandakı Dil və Mədəniyyət Mərkəzi, həmçinin uyğun sahədə fəaliyyət göstərən Avropanın Ali Təhsil Müəssisələri ilə birlikdə konsorsium yaratmağın mümkünlüyünü vurğulayıb. Prorektor, BMU-da təhsilin 75%-nin ingilis dilində olduğunu diqqətə çatdırıb, mühəndislik istiqamətində olan ixtisasların yenilənməsi üçün işlərin aparıldığını bildirib.

Professor Jan van Zvieten rəhbərlik etdiyi təhsil müəssisəsinin strukturu, xarici tələbələri, həmçinin tələbə-müəllim heyəti haqqında məlumat verib. Bildirib ki, Akademiyada maliyyə, biznes və idarəetmə ixtisasları üzrə magistr, MBA proqramları, akademik kurslar, həmçinin beynəlxalq proqramlar mövcuddur. Təmsil etdiyi qurumun beynəlxalq əlaqələrindən söz açan qonaq, Qərbi Avropa universitetləri ilə əməkdaşlıq məsələlərinə toxunub. O, BMU ilə əməkdaşlıq çərçivəsində birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını deyib.

Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin müdiri A.Nəcimov BMU-nun Hollandiya Biznes Akademiyası ilə ikili diplom proqramının hazırlanması, elmi-pedaqoji kadrların ixtisaslarının artırılması sahəsində əməkdaşlıq və bir sıra başqa istiqamətlər üzrə Avropa Komissiyasının Erasmus+ KA1 (tələbə və müəllimlərin) mübadilə proqramı, ortaq layihələrin hazırlanması kimi imkanların olduğu haqqında məlumat verib.

Rumıniyanın Azərbaycandakı Dil və Mədəniyyət Mərkəzinin direktoru, fəlsəfə doktoru İosefina Blazsani-Batto ilə aparılan müzakirələr zamanı bildirilib ki, Erasmus+ proqramı çərçivəsində adıçəkilən mərkəzin rəhbərliyi ilə BMU-nun 4 tələbəsi Almaniyada “Çirklənmə və ərtaf mühitin qorunması” adlı layihədə (2-12 dekabr 2019-cu il tarixində) iştirak edib. Layihənin məqsədi gənclərin təbiət, ekologiya, təkrar emal və ətraf mühitin çirklənməsi ilə bağlı məlumatlılığını artırmaq olub. Burada ətraf mühitin çirklənməsi problemləri və onların ətraf mühitə necə təsir etməsi məsələlərinə toxunulub, qeyri-ənənəvi təhsil metodlarından istifadə edilərək interaktiv seminarlar və təqdimatlar əsasında xeyli faydalı bilik və təcrübələr qazanılıb.

Görüşün sonunda BMU ilə Hollandiya Biznes Akademiyası arasında Əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqavilənin imzalanmasında əsas məqsəd beynəlxalq əməkdaşlığın qurulması ilə tədqiqatın və tədrisin keyfiyyətini artırmaq, elmi, akademik və mədəni sahələrdə qarşılıqlı əməkdaşlıq etməkdir.

Sənəd beynəlxalq konsorsium çərçivəsində birgə və ikili diplom proqramları təqdim edilməsini, birgə tədqiqat və innovasiya layihəsi fəaliyyətlərini, milli və beynəlxalq tədqiqat proqramlarında və layihələrində iştirakı, birgə beynəlxalq konfrans və forumların təşkilini nəzərdə tutur. Tələbələrin, elmi, akademik və inzibati heyətin mübadiləsi və peşə hazırlığı, yerli və beynəlxalq jurnallarda müxtəlif elmi-tədqiqat məqalələrinin çapı, birgə proqramların işçi və şirkətlər bazarına gətirilməsi, keyfiyyətin artırılması proseslərində təcrübə mübadiləsi, tərəfdaşlar arasında təhsil keyfiyyətinin inkişafı üçün bütün mümkün və qanuni fəaliyyətlər müqavilədə əksini tapıb.

Müqavilənin imzalanması ilə iki və üçtərəfli ikili diplom proqramlarının təqdim edilməsi, Erasmus+ KA2 proqramının hazırlanması barədə də razılıq əldə olunub. Eyni zamanda, Hollandiya Biznes Akademiyası top 500 universitet siyahısına daxil olan Niderland Universitetləri ilə BMU arasında xab rolunu oynayacaq.

Digər xəbərlər