BMU-nun tələbəsi Polşada

Bakı Mühəndislik Universiteti Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində Avropanın bir çox universiteti ilə əməkdaşlıq edir. Bunlardan biri Polşanın UTP Elm və Texnologiya Universitetidir. Mübadilə də istirak etmiş BMU-nun Mexanika mühəndisliyi ixtisasının tələbəsinin təcrübəsini sizlərə təqdim edirik:

“Əvvəlcə başlayım Erasmusla xaricə getmək fikrimdən. Açığı planlarımda bakalavrı bitirənədək xaricə getmək fikri yox idi. Təbii ki, aşağı kurslarda oxuyarkən bir çox digər tələbələr kimi, mən də istər Erasmusla, istər başqa proqramlarla gedib xaricdə təsil almaq istəyirdim. Amma cəhdlərimin heç biri alınmadığı üçün bu istəyim təxirə düşmüşdü. Keçən ilin Sentyabr ayında isə Tələbə Məlumat Sistemində Erasmus+ KA1 mübadilə proqramı vasitəsilə Polşanın UTP Elm və Texnologiya Universitetində bir semestrlik təhsil almaq şansım olduğunu gördüm və müraciət etdim.

Ümumiyyətlə, Erasmusa müraciət və qəbul prosesi çətin olmadı. Əsas məsələ orada alacağım dərslərin uyğunlaşdırılması idi, və bu sahədə universitetimizin Erasmus koordinatorluğu və Mexanika mühəndisliyi kafedrasının çox köməyi dəydi. Bütün lazımi sənədlər qısa zamanda hazır oldu və bir neçə ay gözlədikdən sonra Yanvar ayında viza üçün müraciət etdim. Tələbə olduğum və qısa zamanda gedib dönəcəyim üçün vizanı rahatlıqla verdilər və biletimi alaraq 17 Fevral 2020-ci ildə Polşaya yola düşdüm.

Hər şey burada başladı, çünki bu mənim xaricə ilk səfərim idi və başlanğıcda mənim üçün bir az çətin oldu. Təsadüfdən universitetin olduğu Bydgoszcz şəhərində heç bir azərbaycanlı ilə qarşılaşmadım və açığı buna görə narahat oldum. Fərqli bir mühit və mədəniyyətlə qarşı-qarşıyayam və təkəm. Amma bu sıxıntılar qısa vaxt ərzində keçdi, xarici tələbələrlə tanış oldum, xüsusilə türk tələbələr çox idi. Beləliklə, özümü çox da tək hiss etməməyə başladım. Daha da maraqlı vaxt keçirə bilərdim, amma təəssüf ki karantin dövrü başladı.

Digər ölkələrdə olduğu kimi Polşada da karantin sərt keçdi. Ancaq əslində bunun mənə xeyri də çox oldu, günlərimin əsas hissəsi yataqxanada keçirdi və bu müddət ərzində dərslərimlə məşğul olmaq və fərqli şeylər öyrənmək üçün çox vaxtım olurdu. Dərslər baxımından heç bir sıxıntım yox idi, çünki Erasmus tələbələrinə çox güzəştlər olurdu və karantin rejimi ilə əlaqədar heç bir çətinlik çəkmədim. İstər müəllim, istər yataqxana kollektivi tələbələrə çox yaxşı münasibət göstərirdi. Bir sıxıntım olduğunda bunu vaxtında həll etmək üçün əllərindən gələn hər şeyi edirdilər.

Bir az da maddi məsələlərlə bağlı məlumat verim. Bununla bağlı da problemim olmadı, çünki mənə Erasmus+ mübadilə proqramı tərəfindən kifayət qədər təqaüd verildi, təxminən 3800 avro, və bu, Bydgoszcz kimi bir şəhərdə 4-5 ay rahat yaşamaq üçün həddindən artıq yaxşı məbləğdir. Yenə də bu, yetərli miqdardır, hətta karantin olmasa idi bir çox Avropa ölkəsini də gəzməyi planlaşdırırdım, təəssüf ki, yalnız Almaniyaya getmək şansım oldu.

Orada olduğum müddətdə öz universitetimiz mənimlə lazımınca maraqlanırdı, və istənilən hər cür köməyi göstərirdi. Beləliklə, bir semestrlik təhsilimi başa vurdum ve geri qayıtdım.

Son olaraq, bundan sonra Erasmusla xaricə getmək istəyən tələbələrə heç tərəddüd etmədən getmələrini tövsiyə edərdim. Çünki, istər xarici təcrübə, istər fərqli təhsil metodlarını görmək baxımından qazanılacaq çox şey var. Mənim üçün çox yaxşı təcrübə oldu. Getmək istəyən hər kəsə uğurlar!”

Digər xəbərlər