BMU tələbəsi Amerikaya, Silikon Vadisinə səfər edib

20 fevral 2020-ci il tarixində Amerika Birləşmiş Ştatlarının (ABŞ) Silikon Vadisində Azərbaycan İnnovasiyalar Evinin açılış mərasimi keçirilib. Azərbaycan İnnovasiyalar Evi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən yaradılıb.

 “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində proqram meneceri vəzifəsində çalışan Bakı Mühəndislik Universitetinin tələbəsi Tariyel Ağazadə bu tədbirin təşkilatçılarındandır.

 Stanford Universitetində baş tutan tədbirdə Silikon Vadisi və yaxın ərazidə yaşayan, innovasiya və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən 100-ə yaxın azərbaycanlı iştirak edib.

Tədbir çərçivəsində bir müddət öncə xaricdə yaşayan həmyerlilərimizin təşəbbüsü  və ˝INNOLAND˝ın dəstəyi ilə yaradılan ˝Tech Diaspora˝nın birinci forumu da keçirilib.

Azərbaycan İnnovasiyalar Evi SOCAR-ın maliyyə dəstəyi ilə yaradılıb.Həmçinin Mexanika Mühəndisliyi bölməsinin tələbəsi Tariyel, 12 gün baş tutan Silikon Vadisinə səfəri zamanı Facebook, Google və LinkedIn kimi şirkətlərin baş ofislərini də ziyarət edib. Ziyarət zamanı orada çalışan həmyerlilrimizlə görüşüb və Azərbaycanlı tələbələrin o şirkətlərdə iş imkanı barəsində müzakirələr aparıb.

Tariyelin Facebook'un baş ofisinə ziyarət zamanı baş verənlər və ümumi təəssüratlar haqqında yazdığı "Facebook'da bir günüm" adlı məqaləni sizlərə təqdim edirik:

 "Hamımız hər gün Facebook’dan istifadə edirik. Bəlkə də elə bu məqaləni də ordan oxuyursunuz. Bəs heç fikirləşmisiniz ki, istifadə etdiyiniz platformanın arxasında hansı işlər görülür və kimlər var?!

Bu gün sizə bu haqda danışacam və Facebook’un Kaliforniyadakı baş ofisində keçirdiyim bir günümü sizə təqdim edəcəm.

 İlk olaraq onu qeyd edim ki, Facebook’un baş ofisinə giriş hər kəs üçün açıq deyil. Mütləq orada çalışan bir nəfər tanışınız olmalıdır ki, sizi “Visitor” kimi içəri salsın. Ancaq ora daxil olduqdan sonra şirkətin demək olar ki, bütün xidmətləri sizə açıq olur. Əsas şərt sizi gəzdirən bələdçinin (tanışınız) daimi yanında olmaq və qrupdan ayrılmamaqdır. Sizi bələdçisiz daxildə tutsalar sizin tanşınız üçün problemlər yaratmış olacaqsınız.

Ən maraqlısı “Visitor” kimi içəri daxil olduğunuzdan sonra başlayır. İşçilər üçün nəzərdə tutulmuş bir çox xidmətlər sizə açıq olur. Kampus daxilində olan müxtəlif idman zalları, hər mətbəxdən olan restoranlar, oyun zalları və s. xidmətlər tamamilə pulsuzdur. Qonaq qismində kampusda olduğunuz zaman bütün bu xidmətlər sizə də şamil olunur. Təsəvvür edin hamının xəyal etdiyi bir yerdəsiniz. Hansı restorana girirsən gir, hansı dondurma evinə, əyləncə oyun zalına fərqi yoxdur, hər şey pulsuz və limitsiz. Yer üzərində cənnət!

Mənim şirkətə ziyarətim günorta vaxtlarına təsadüf elədi və naharı elə orada eləmiş oldum. Yeməkləri soruşsanız mükəmməl deyərdim və susardım.

Kampusun ərazisi bir neçə binadan ibarətdir. İlk giriş elədiyim bölmə 10 nömrə idi. Həmin bölmədə müxtəlif restoranlar, paltar-suvenir dükanları, oyun zalları, taxta emalı emalatxanası və digər işçilərin istirahəti üçün nəzərdə tutulmuş məkanlar yerləşir. İlk olaraq bu məkanları gəzdim və burada olan ən maraqlı zallara dəydim. Bunlardan biri və ən yadda qalanı emalatxana idi. Bu emalatxanada işin yükündən yorulmuş insanlar öz ideyaları əsasında taxtadan müxtəlif mebellər düzəldirlər və hətta öz evlərinin mebellərini burada düzəldənlər də var. Bu hissədə həmçinin rəsmi paltar və suvenir dükanları var və siz buradan orijinal Facebook, Instagram kimi brendlərin kofta, stiker və s. ala bilərsiniz. Əlbəttə ki, mən də bu fürsəti qaçırmayaraq dəyərləndirdim.

Əyləncə hissəsin qoyaq bir kənara və keçək əsas iş prosessinə. Buranı ziyarət etdikdən sonra işçilərin olduğu iş məkanına getdik. Təsəvvür edin çox böyük açıq məkan və yan-yana sıx oturmuş qarışqa kimi çalışan adamlar. Ekranlara fikir versən birində Facebook açılıb, digərində isə yüz sətir kod. Burda anlamağa başlayırsan ki, hər gün istifadə etdiyiniz platformanı bu qarışqa kimi işləyən adamlar düzəldir və işlək saxlayır. Və bu adamlardan burda minlərlədir. Biri “like” hissəsinə, biri “comment” hissəsinə və belə hər kəs bir funksiyaya görə məsuliyyət daşıyır. Qeyd edim ki, şirkətdə ümumilikdə qırx minə yaxın insan çalışır və bu rəqəm getdikcə istifadəçi sayı ilə paralel artır. Hətta işçilərlə bağlı sizə bir maraqlı qısa hekayə danışmaq istəyirəm. Yaxınlarda ofisə təzə gələn təcrübəçi elədiyi kiçik bir səhvə görə dünyanın hər yerində Facebook’da problem yarandı. Əlbəttə oğlanı dərhal tapıb problemi həll etdilər. Bəs sizcə təcrübəçiyə nə etdilər?! Platformada olan bu zəifliyi tapdığına görə təşəkkür etdilər. Düşünün bu problem nə qədər vacibdir. Sadə təcrübəçi səhvi bütün platformanı çökdürmüşdü. Hal-hazırda planetdə iki milyarddan çox insan bu platformanı istifadə edir. İş gedən ərazidə xüsusi qaydalardan biri də iş gedən zaman prosessin çəkilişinin qadağan olunmasıdır. Ancaq mən də Azərbaycanlı olmazdım buradan sizin üçün gizlin şəkil çəkməsəydim.

Kampusda əsas iş ofislərindən başqa baş çəkə biləcəyiniz Instagram, Whatsapp və Oculus ofisləri də vardır. Bu ofislərdə insanlar yalnız həmin platformanın problemlərinin həlli ilə məşqul olurlar. Mənim bəyəndiyim hissə Oculus oldu.

Facebook’un ofisi Apple və Google kimi ofislərdən daha sərbəst olmağı ilə fərqlənir. Kampusta olan muhit bəlkə də hər birinizin arzuladığı və işləmək istədiyi muhitdir. İşçilərin performansı işlədiyi saatlarla yox taskı vaxtında edib etməməsi ilə ölçülür. Bir preyektin deadline’ı var və işçi o vaxta kimi onu təhvil verməlidir. Mən özüm də bu qayda ilə işlədiyim üçün bunun nə qədər effektiv olduğunu çox yaxşı anlayıram. Buranın sərbəstliyini, rahatlığını və müasirliyi çox bəyəndim və buralara gəlsəniz mütləq ziyarət etməyinizi tövsiyyə edərdim. Məni Facebook daxilində qarşıladığına görə isə orada çalışan həmyerlimiz Altay Haqverdiyeva minnətdarlığımı bildirirəm. Bloqumu növbəti günlərdə izləməklə Silikon Vadisinin ən maraqlı yerləri haqqında məlumatları əldə edə bilərsiniz.

Digər xəbərlər