Erasmus+ KA1 çərçivəsində mübadilədə iştirak edən BMU-nun tələbəsinin təcrübəsi

Erasmus+ KA1 çərçivəsində mübadilədə iştirak edən BMU-nun tələbəsinin təcrübəsi

Bakı Mühəndislik Universitetinin Erasmus+ KA1 proqramı çərçivəsində əməkdaşlıq etdiyi Almaniyanın Koblenz Universitetində mübadilə də iştirak etmiş tələbəsi Aytac Ağayevanın təcrübələrini sizlərə təqdim edirik:

"Hərkəsə salam!

Adım Aytacdır və sizə 21 yaşımda həyatımın ən inanılmaz təcrübəsi haqqında danışmaq istəyirəm. Bir çoxları kimi mən də şəxsi və peşəkar inkişafım üçün xaricədə oxumağı arzulayırdım və budur evim Bakıdan, 4.091,5 km məsafədə yerləşən Almaniyanın Hochschule Koblenz Universitetində 1 illik Erasmus+KA1 mübadilə proqramında iştirak şansı əldə etdim. Mövcud Covid-19 səbəbiyilə isə, oradakı təhsilimi 1 semester daha uzatmaq fürsəti əldə etdim.

Qeyd edim ki, proqram haqqında məlumatı BMU-nun Xarici Əlaqələr və Layihələrin idarə edilmısi şöbəinin Facebook səhifəsindən əldə etmişdim. Şöbə müdiri Arif Nəcimov və şöbə mütəxəssisi Nərmin Ələkbərovanın proqram haqqında məlumatları və dəstəyi nəticəsində müsahibə mərhələlərini uğurlar keçdim. Almaniyaya gəldiyim ilk günü 2019 cu il, 14 sentyabr gecəsini hələ də xatırlayıram. Qaranlıq və çox soyuq idi, üstəlik internetim də yox idi. O gün öyrəndiyim ilk dərs bu idi – daha yaxşı mübadilə təcrübəsi üçün daha planlı olmalıyam, ailəmdən və dostlarımdan uzaqda.. İlk bir neçə həftə yeni mühitə alışmağın bir qədər çətin olacağını düşünürdüm. Lakin, Sprachen / Internationales komandası mənə çox dəstək oldular. Gəlməmişdən əvvəl və sonrakı prosedurlarda lazımi dəstəklərini göstərdilər.

Universitet çox balaca və sakit, Remagen adlanan bir şəhərdə yerləşir. Şəhər çox kiçik mərkəzi, yaxınlığında Rhein çayı və təbiəti ilə məni özünə doğrudan da valeh etdi. İnsanları çox şirin və mehribandırlar. Üstəlik onların aktiv və sağlam həyat yaşamaları mənim də gündəlik rutinimin dəyişməsinə və daha aktiv və sağlam həyat şəratinə uyğunlaşmağa gətirib çıxardı.

Universitet ingilis dilində müxtəlif dərslər təklif edir. Həmçinin bəzi dərslər fərqli universitetlərin qonaq professorları tərəfindən keçirilir. Məsələn, Leadership and History adlanan dərsi Kanadanın Brock Universitetindən qonaq professor Victor Thiessen tərəfindən keçirildi və tarixdəki unudulmaz liderlərdən bəhs edən müzakirə dolu bir dərs idi. Onlayn təhsilə keçid zamanı belə dərslər interaktiv və intensiv təşkil edilimişdi. Dərslərdən əlavə, universitetin xarici dillər şöbəsində akademik praktika keçmək şansı əldə etdim və alman iş mühitiylə daha yaxından tanış olmaq şansı əldə etdim.

Almaniyanın uzun, zəngin və mürəkkəb tarixi haqqında daha ətraflı məlumat əldə etməkdən əlavə orada dünyanın müxtəlif ölkələrindən gəlmiş digər mübadilə iştirakçıları ilə zaman keçirdikcə sözün əsl mənasında mədəni müxtəlifliklərlə tanış oldum. Təklif olunan 850 euro dəyərində aylıq təqaüdü səmərəli istifadə etməklə mən həm də 15-ə yaxın Avropa ölkəsini gəzməyi bacardım. Hətta dostlarımla birlikdə avtomobil icarəyə götürərək, Paris, Sürix və Milana gəzinti təşkil etdik və bu çox əyləncəli təcrübə oldu idi!

Digər xəbərlər