MIT Global Startups Lab


 SOCAR AQŞ dünyanın aparıcı universitetlərindən biri olan Massaçusets Texnologiya İnstitutu (MİT) ilə birgə MİT-Azərbaycan Fondunun yaradılmasına dair razılaşma imzalamışdır. Layihənin əsas məqsədi  mobil/veb tətbiqinə əsaslanan startup (yeni texnologiya və innovativ ideyalara əsaslanan yeni şirkətlərin təsis olunması) və özəl sahibkarlığın inkişafına töhfə vermək, tələbələr üçün sahibkarlıq və kompyuter proqramlaşdırma sahələri üzrə intensiv kurslar təşkil etməkdir. Bu məqsədlə MİT-Azərbaycan Fondu Massaçusets Texnologiya İnstitutunun Beynəlxalq Elm və Texnologiya Təşəbbüsləri (MISTI) Proqramı çərçivəsində Azərbaycanda Qlobal Startup Laboratoriyasının yaradılmasını və fəaliyyətini dəstəkləyəcəkdir. Sazişi MİT-nin maliyyə məsələləri üzrə vitse-prezidenti cənab İsrael Ruiz və SOCAR AQŞ MMC-nin baş direktoru Ramin İsayev imzalamışlar.

 

İmzalanma mərasimində iştirak edən MassaçusetsTexnologiya İnstitutunun Beynəlxalq Elm və Texnologiya Təşəbbüsləri (MISTI) proqramının Avrasiya üzrə Fakültə rəhbəri, Prof. Elizabet Vud bildirmişdir: “MİT dünyada innovativ texnologiya və sahibkarlıq təşəbbüslərinin genişləndirilməsində mühüm rol oynamaqdan qurür duyur. MİT- Azərbaycan Qlobal Startup Laboratoriyası vasitəsilə biz, ən yaxşı təcrübə və müasir yanaşmaları tətbiq etmək, Azərbaycanın startup və innovasiya ekosistemlərinin inkişafına təkan vermək niyyətindəyik”.

ADA Universitetinin rektoru, Dr. Hafiz Paşayev: “MİT və SOCAR AQŞ MMC arasında təşəkkül tapan bu mühüm əməkdaşlıq sayəsində ADA Universitetinin İnnovasiyalar Mərkəzi öz startup və innovasiya imkanlarını əhəmiyyətli şəkildə təkmilləşdirə biləcək. Bu əməkdaşlıq ölkənin startup ekosisteminin inkişafı üçün çox mühüm töhfədir ’’.

 

 

SOCAR AQŞ MMC-nin Baş direktoru, Ramin İsayev: “Azərbaycanın gənc və böyük sahibkarlıq potensialına malik əhalisi var. ‘’Ölkəmizdə innovativ iqtisadiyyat sahələrini gücləndirmək üçün startup ekosisteminin dirçəldilməsinə böyük ehtiyac var. SOCAR-AQŞ bu istiqamətdə ölkəmizə verdiyi töhfəsi ilə qurur duyur!’’.

İlk MİT-Azərbaycan Qlobal Startup Laboratoriyası 2018-ci ilin yayında ADA Universitetində təşkil olunacaq.

Proqramın ADA Universitetində təşkil edilməsi ilə bağlı qərar MIT nümayəndəsinin 2017-ci ildə Bakıya səfəri zamanı ali təhsil müəssisələri arasında apardığı qiymətləndirmə missiyası əsasında müəyyənləşdirilmişdir.

Proqramda iştirak etmək arzusunda olan tələbələr 29 may 2018-ci il taixinə kimi MISTI-nin elektron ünvanına daxil olaraq müvafiq qeydiyyatdan keçməlidirlər. http://gsl.mit.edu/program/azerbaijan-summer-2018/

 

İştirakçıların seçim prosesi MİT-nin müsabiqə komissiyası tərəfindən həyata keçiriləcək. Müsabiqədən uğurla keçən müsabiqə komissiyasının  tələblərinə uyğun gənclər startupçı ola biləcəklər.  MİT-Azərbaycan Qlobal Startup Laboratoriyasının Təqdimat Günündə gənc ideya müəllifləri investorlar, Startup İnkubator və ya İnkişaf Mərkəzlərinin nümayəndələri və ölkəmizin innovasiya ekosisteminin aparıcı qurumları ilə görüşəcək. Məzunlar MİT-nin qlobal startup və ideya müsabiqələrində iştirak edə biləcəklər.  Bununla da Qlobal Startup Laboratoriyası gənc sahibkarların qlobal maliyyə və innovasiya ekosistemlərinə çıxış imkanlarını genişləndirəcək.

 

SOCAR-AQŞ milli qazma müəssisəsi olaraq neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində mövcud imkanların artırılmasına yönəlmiş təşəbbüs və proqramları dəstəkləyir. SOCAR AQŞ ali məktəblərin 3-cü və 4-cü kurslarında, eləcə də maqistr dərəcəsində təhsil alan tələbələr üçün Yay təcrübə Proqramını həyata keçirir, həmçinin neft-qaz ixtisası üzrə təhsil alan tələbər üçün SOCAR-AQŞ Təqaüdü təsis edilmişdir. SOCAR AQŞ-nin səhmdarları SOCAR və Nobel Oil Services şirkətləridir.