Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus + layihəsi çərçivəsində növbəti səfər İsveç Krallığının Stokholm şəhərinə təşkil olunub. Azərbaycanın 16 ali təhsil müəssisəsindən 32 nəfər nümayəndənin qatıldığı təlimlərdə (27 fevral- 3 mart tarixləri) Bakı Mühəndislik Universitetinin (BMU) elmi işlər üzrə prorektoru Elçin Süleymanov və maliyyə-təsərrüfat işləri üzrə prorektoru Mikayıl Zeynalov iştirak edib.
KTH Kral Texnologiya İnstitutunda “Ali təhsil sisteminin inkişafında rektorlar konfransının rolu” adı altında gerçəkləşdirilən təlimlərin əsas məqsədi universitetlərdə elmi tədqiqat və innovasiya fəaliyyətlərinin inkişaf etdirilməsi olub.
Təlim proqramına uyğun olaraq İsveç Rektorlar Konfransının, İspaniya Rektorlar Konfransının, Belçikanın Avropa İdarəetmə İnkişafı Fondunun (EFMD), İsveçin Kral Texnologiya İnstitutunun rəhbər şəxsləri tərəfindən İsveç, İspaniya və ümumilikdə qlobal mühitdə tədqiqat və innovasiya sistemləri, tədqiqatda keyfiyyət məsələləri, tədqiqatçıların elmi fəaliyyətinə xidmət edən nəşr infrastrukturu, eləcə də İsveç təcrübəsində doktorantura təhsili, doktorantların işə qəbulu kimi olduqca mühüm istiqamətlərdə təqdimatlar edilib. Həmçinin təqdimatlarla bağlı geniş müzakirələr və fikir mübadilələri aparılıb. Təlimlərin gedişində Rektorlar Konfransının fəaliyyəti ilə bağlı qrup işləri də həyata keçirilib.
Proqramın yekununda Bakı Biznes Universitetinin mərkəz direktoru, layihənin koordinatoru Gülşən Bayramova və ECAR layihəsi çərçivəsində pilot olaraq yaradılan Elmi işlər üzrə komitənin sədri, BMU-nun prorekroru Elçin Süleymanov tərəfindən layihədəki fəaliyyətlərin icrası və qarşıda duran mühüm tapşırıqlar, sözügedən Komitənin gələcək fəaliyyət planı haqqında müzakirələr aparılıb.