Bakı Mühəndislik Universitetinin (BMU) Tədris işləri üzrə prorektoru, professor Həmzağa Orucov “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində Tədris işləri və keyfiyyət təminatı üzrə komitənin ilk iclasında iştirak edib.
Azərbaycan Texniki Universitetində baş tutan iclasda komitənin funksiyaları, sədrliyinə namizədliyə dair tələblər, idarə heyəti və sədrinin seçim qaydaları tərəfdaşlara təqdim edilib. Səs çoxluğu ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin akademik işlər üzrə prorektoru Eldar Aslanov idarə heyətinin sədri, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tədris işləri üzrə prorektoru Nigar Rüstəmova və Odlar Yurdu Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Qabil Qafarov isə sədr müavinləri seçiliblər.
İclasda iştirak edən Erasmus+ proqramının Azərbaycan Milli ofisinin direktoru Pərviz Bağırov komitənin işlərinə uğurlar arzulayıb.
Qeyd edək ki, BMU-nun tərəfdaş olduğu layihə Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq universitetlər birliyi yaratmaq və bu vasitə ilə universitetlərarası milli şəbəkə və əməkdaşlığı inkişaf etdirməkdir.