BMU-da beynəlxalq imtahanlar pandemiya qaydalarına uyğun təşkil olunur

Müxtəlif xarici ölkələrdə təhsil almaq üçün tələb olunan dil və bacarıqlarını qiymətləndirmək üçün beynəlxalq imtahanların təşkilində fəal iştirak edən Bakı Mühəndislik Universitetində (BMU) TOEFL və GRE beynəlxalq imtahanları pandemiya vəziyyəti ilə əlaqədar olaraq müəyyənləşdirilmiş qaydalar ilə təşkil olunur.

BMU-da sözügedən imtahanlar müraciətlər əsasında və təyin olunan müəyyən qrafiklər əsasında həyata keçirilir. İmtahana gələnlər imtahanın başlamasından 1 saat əvvəl qeyd olunan ünvanda (BMU-nun nəzdində razılaşdırılmış otaqda) aşağıdakı sənədlərlə birlikdə olmalıdırlar:

1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;

2. Sağlamlıq haqqında arayış (COVID-19 immunitet sertifikatı, peyvənd sertifikatı).

Bundan əlavə 15 və daha aşağı yaş qrupuna aid olan şəxslər imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların bədən hərarətləri məsafədən ölçə bilən elektron termometrlə yoxlanılır, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunur və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi, həmçinin fasilə zamanı ara məsafəsinin saxlanılması təmin edilir.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadəsi məcburidir.

İmtahanların tarixləri və yerləri haqqında təqdim olunan linklər vasitəsilə tanış olmaq mümkündür:

https://v2.ereg.ets.org/ereg/public/workflowmanager/schlWorkflow?_p=TEL

https://ereg.ets.org/ereg/public/workflowmanager/workflow?workflowItemId=tcAvailability 

İmtahanlarda iştirak etmək üçün təqdim olunan qeydiyyat linklərindən yararlanmaq mümkündür:

https://www.ets.org/toefl/test-takers/ibt/take/register

https://www.ets.org/gre/revised_general/register/

İmtahanlar haqqında yarana biləcək suallarla bağlı BMU-nun əməkdaşı Emil Qarayevə (eqarayev@beu.edu.az) müraciət etmək olar.

BMU beynəlxalq imtahanların təşkilində aktiv iştirak etməklə yanaşı, özünün xarici əlaqələrini daima inkişaf etdirir, həmçinin müxtəlif beynəlxalq proqramlarda və layihələrdə iştirak edir.

TOEFL və GRE beynəlxalq imtahanları onlayn formada keçirilir və ingilisdilli ölkələrdə təhsil almaqda əhəmiyyətli rol oynayır. 

TOEFL (ingilis dilində Test of English as a Foreign Language) imtahan verən şəxsin ingilis dilini akademik səviyyədə necə qavraya bildiyini dəyərləndirən imtahandır. ABŞ və digər ingilisdilli ölkələrdəki universitetlərdə təhsil almaq üçün əvvəlcə TOEFL imtahanlarından keçmək tələb olunur. Bununla yanaşı, həmçinin dövlət qurumları, biznes və ya təqaüd proqramları da bu imtahanı tələb edə bilər.

GRE (ingilis dilində Graduate Record Examinations) imtahanı isə dünyanın müxtəlif nüfuzlu universitetlərinə qəbul olmaq üçün tələb edilən və qəbul imtahanı əhəmiyyəti daşıyan, tələbənin şifahi və kəmiyyət əsaslı düşünmə (verbal and quantitative reasoning) və analitik yazı bacarığı (analytical writing skills) qabiliyyətlərini qiymətləndirmək üçün nəzərdə tutulan imtahan növüdür. GRE imtahanı dünyanın bir çox ali təhsil müəssisələrində magistr, MBA, doktorantura təhsilini almaq üçün tələb olunur və təqaüdlərin verilməsi zamanı diqqət yetirilən göstəricilərdən biridir.