14 fevral 2020-ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Azərbaycan Beynəlxalq Təhsil Menecerləri Assosiasiyası”nın təsis yığıncağı təşkil olunub. Tədbirə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin, ali təhsil müəssisələrinin beynəlxalq əlaqələr və bu sahəni kurasiya edən digər şöbələrinin əməkdaşları, ABŞ-ın Bakıdakı Səfirliyinin, Avropa İttifaqının Azərbaycanda Milli Erasmus+ Ofisinin direktoru, Erasmus Tələbə Şəbəkəsi Azərbaycan nümayəndəliyinin rəhbəri və 60-a yaxın qonaq qatılıb.
Tədbirin açılışında qonaqlara ADMİU haqqında çəkilmiş qısa videoçarx təqdim edilib, ADMİU-nun Beynəlxalq əlaqələr və əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Sara Timurova universitet və onun haqqında ətraflı məlumat verib. Onun çıxışının ardınca universitetin digər əməkdaşı Elşən Rəfiyev ilk gündən bu Assosiasiyanın təşkil olunması üçün çalışdığını bildirmişdir. Sonra çıxış üçün sözü ideyanın reallaşdırılmasında fəal təşəbbüskarlardan biri olan Bakı Mühəndislik Universitetinin Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin müdiri Arif Nəcimova verilmişdir. A.Nəcimov Assosiasiyanın yaranma ideyasının haradan qaynaqlandığını, təsis olunacaq qurumun hansı istiqamətdə fəaliyyət göstərəcəyi, təşəbbüs qrupu tərəfindən bu günədək görülən işlər haqqında ətraflı məlumat verib. O, Assosiasiya və onun gələcək fəaliyyəti haqqında ətraflı məlumat verdikdən sonra sözügedən qurumun təsis olunması üçün açıq səsvermə keçirilib və tədbir iştirakçıları tərəfindən yekdilliklə müsbət rəy əldə olunub. Assosiasiyanın dövlət qeydiyyatına alınması üçün işlərin başlanılacağını da əlavə edib.
Tədbirdə Assosiasiyanın yaradılması ideyasının irəli sürülməsində böyük rolu olmuş ABŞ-ın Bakıdakı Səfirliyinin Təhsil üzrə mütəxəssisi Raminə Mürşüdova çıxış edərək, “Beynəlxalq təhsil” proqramı və ixtisası haqqında öz fikirlərini bölüşüb. O, Assosiasiyanın məhz qeyd olunan adla fəaliyyət göstərməsini məqsədəuyğun hesab edib. R.Mürşüdova əlavə olaraq bildirib ki, bir çox xarici ölkələrdə oxşar təşkilatlar var və onlar təhsilin beynəlmiləlləşdirmə prosesində əhəmiyyətli rol oynayırlar.
Tədbirdə iştirak edən ABŞ-ın Bakıdakı Səfirliyinin Mədəniyyət İşləri üzrə Müşaviri Richard Pinkhama da söz verilib. O, belə qurumların vasitəsilə eyni sahədə işləyən həmkarların birgə fəaliyyətinin çox vacib olduğunu vurğulayıb, Assosiasiyanın gələcək fəaliyyətinə uğurlar arzulayıb.
Sonra söz Avropa İttifaqının Azərbaycanda Milli Erasmus+ Ofisinin direktoru Pərviz Bağırova verilib. P.Bağırov da yeni təsis olunan Assosiasiyanın əhəmiyyətini və gələcəkdə müxtəlif proqram və layihələrin hazırlanmasında tərəfdaşların asanlıqla tapılmasına, ortaq layihələrin həyata keçirilməsinə, təhsilin inkişafına faydalı işlər görüləcəyinə inamını bildirib.
Tədbirdə iştirak edən Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Nərmin Bağırova da Assosiasiyanın yaradılması ideyasının əhəmiyyətindən, həmçinin Azərbaycanda Təhsil (https://studyinazerbaijan.edu.az/) Portalının və onun fəaliyyəti haqqında məlumat vermişdir.
Çıxışlardan sonra sual-cavab bölməsinə başlanılıb. Tədbir iştirakçılarını maraqlandıran çoxsaylı suallar Assosiasiyanın təşəbbüs qrupunun üzvləri tərəfindən ətraflı cavablandırılıb. Tədbirin sonunda ADMİU-nun Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru Gülşən Əliyeva Universitet rəhbərliyinin bu təşəbbüsü alqışladığını və Assosiasiyanın həm yerli, həm də xarici Universitetlər arasında əməkdaşlığın inkişaf etdirilməsində səmərəli fəaliyyət göstərəcəyinə inandığını bildirib. G.Əliyeva Assosiasiyanın təsis olunmasında iştirak edən və gələcəkdə onun fəaliyyətinə dəstək olacaq bütün əməkdaşlara təşəkkür edib, ADMİU-nun gələcəkdə də bu cür faydalı işlərə ev sahibliyi etməyə hazır olduğunu bildirib.
“Azərbaycan Beynəlxalq Təhsil Menecerləri Assosiasiyası”nın təsis olunması ideyası 22-23 noyabr 2019-cu il tarixlərində ABŞ-ın Bakıdakı Səfirliyinin Xəzər Universiteti ilə əməkdaşlığı çərçivəsində təşkil olunmuş "Effektiv və davamlı tərəfdaşlıq yolu ilə ali təhsil potensialının yaradılması" adlı iki günlük seminarın nəticəsində bir təklif kimi irəli sürülmüşdür. Sözügedən seminar iştirakçılarının istəyi və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq departamentinin əməkdaşlarının tövsiyəsi əsasında sözügedən Assosiasiyanın bir təşəbbüs qrupu kimi formalaşmasına qərar verilib. Bu təşəbbüs qurupu, Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin beynəlxalq əlaqələr şöbələrinin rəhbərlərini və əməkdaşlarını bir Assosiasiyada toplayıb, təhsilin beynəlxalq standartlar səviyyəsinə çatdırılması üçün maarifləndirmə və mübadilə proqramlarının sayının artırılmasına dəstək olmağı hədəf seçib.