Bakı Mühəndislik Universiteti (BMU) beynəlxalq əlaqələrinin inkişafı, xarici tərəfdaş universitetlərlə əməkdaşlığın genişləndirilməsi, beynəlxalq proqram və layihələrdə iştirakın təmin olunması, əcnəbi tələbə və müəllimlərin cəlb edilməsi, eləcə də universitetin beynəlxalq nüfuzunun artırılması istiqamətində fəaliyyətlərini Beynəlxalq əlaqələr üzrə prorektorluğun nəzdində fəaliyyət göstərən yenilənmiş adı ilə müvafiq şöbə vasitəsilə həyata keçirir.
Şöbə universitetin beynəlxalq əməkdaşlıq strategiyasının icrasını təmin edir, xarici ali təhsil müəssisələri, beynəlxalq təşkilatlar və tərəfdaş qurumlarla əlaqələrin qurulması və inkişaf etdirilməsi istiqamətində sistemli fəaliyyət göstərir. Eyni zamanda beynəlxalq proqram və layihələrdə universitetin həm koordinator, həm də tərəfdaş qismində iştirakının təşviqi, akademik mobillik imkanlarının genişləndirilməsi və beynəlxalq təcrübə mübadiləsinin artırılması əsas prioritetlərdəndir.
BMU beynəlxalq standartlara uyğun rəqabətqabiliyyətli kadr hazırlığını, müasir tədris-metodiki yanaşmaların tətbiqini, elmi-tədqiqat fəaliyyətində beynəlxalq əməkdaşlığın gücləndirilməsini və innovativ laboratoriya infrastrukturunun inkişafını hədəfləyir. Bu istiqamətdə akademik və inzibati heyətin peşəkar inkişafına dəstək göstərilir və beynəlxalq layihələrdə fəal iştirak təşviq olunur.
Bununla yanaşı, şöbə universitetin beynəlxalq imicinin gücləndirilməsi məqsədilə konfranslar, seminarlar, simpoziumlar, forumlar və digər elmi-mədəni tədbirlərin təşkili və koordinasiyasını həyata keçirir. Xarici diplomatik nümayəndəliklər, beynəlxalq təşkilatlar və tərəfdaş universitetlərlə davamlı əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı da fəaliyyət istiqamətlərinə daxildir.
Şöbə həmçinin beynəlxalq layihələrin hazırlanması və idarə olunması, universitetin beynəlxalqlaşma prosesinin koordinasiyası, əcnəbi tələbə və müəllimlərin qəbul və adaptasiya prosesinə dəstək verilməsi, miqrasiya və digər inzibati məsələlər üzrə məsləhət xidmətlərinin göstərilməsi funksiyalarını yerinə yetirir. Universitetin bütün fakültə və struktur bölmələri ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir.
Universitetin beynəlxalq fəaliyyəti, yenilikləri və əməkdaşlıqları barədə məlumatlar isə şöbənin rəsmi veb-saytı və sosial media platformaları vasitəsilə tələbə, akademik heyət və ictimaiyyətə operativ şəkildə çatdırılır.