BMU-da AIESEC təşkilatının təcrübə proqramları təqdim edilib

BMU-da AIESEC təşkilatının təcrübə proqramları təqdim edilib

Bakı Mühəndislik Universitetində (BMU) AIESEC təşkilatının Global Teacher və Global Talent təcrübə proqramları haqqında məlumatlandırıcı tədbir keçirilib.

Tədbirdə təşkilatın yaranma tarixi, inkişaf yolu və təşkilata üzv olmaq üçün qeydiyyat prosedurları haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, dünyanın 126-dan çox ölkəsində fəaliyyət göstərən beynəlxalq gənclər təşkilatı olan AIESEC-in əsas məqsədi gənclərin liderlik potensialını aşkara çıxarmaq, onların inkişafına töhfə verməkdir. Yarandığı gündən 1 milyondan çox gəncin şəxsi inkişafına səbəb olan təşkilatın müxtəlif proqramlar vasitəsilə gənclərə beynəlxalq təcrübə keçmək şansı yaratdığı diqqətə çatdırılıb.

Bildirilib ki, Global Teacher tələbələrin və gənc məzunların xaricdəki qeyri-hökumət təşkilatlarında, təhsil müəssisələrində və beynəlxalq məktəblərdə təcrübə qazanmasını, Global Talent isə universitet tələbələri və məzunlarının ixtisaslaşmaq istədikləri sahələrə uyğun olaraq xaricdə peşəkar təcrübə əldə etməsini hədəfləyən beynəlxalq bir proqramdır.

Sonra BMU-nun Pedaqoji fakültəsinin Riyaziyyat və informatika müəllimliyi ixtisasının məzunu olan Gülər Hüseynzadə öz AIESEC təcrübəsini tələbələrlə bölüşüb. O, 2019-cu ildə AIESEC-in Slovakiyada baş tutan Global Volunteer təcrübə proqramında iştirak edib. G.Hüseynzadə vurğulayıb ki, təcrübə proqramına qoşulmaqla müxtəlif sosial layihələrdə iştirak, öz dil biliyini inkişaf etdirmək, həmçinin beynəlxalq dostlar qazanmaq və digər ölkələrin mədəniyyətləri ilə tanış olmaq imkanı qazanıb.

Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə davam edib.

Qeyd edək ki,  AIESEC təşkilatı Azərbaycanda 2006-cı ildən bəri fəaliyyət göstərir. Hazırda “AIESEC Azərbaycan” təşkilatının ölkəmizdə 200-dən artıq aktiv üzvü var.

 

Digər xəbərlər