Bakı Mühəndislik Universitetində (BMU) “Azərbaycan Rektorlar Konfransının yaradılması - ECAR” adlı Erasmus+ layihəsi ilə bağlı məlumatlandırma tədbiri təşkil edilib.
Toplantı layihə çərçivəsində ötən ilin 12-17 dekabr tarixlərində Belçikanın paytaxtı Brüssel şəhərində yerləşən “EFMD Global” qurumuna təşkil olunan səfər və bu səfər zamanı keçirilən təlimin nəticələrinin müzakirəsinə həsr olunub.
Tədbirdə BMU-nun Xarici əlaqələr və layihələrin idarəolunması şöbəsinin baş mütəxəssisi Nərmin Ələkbərova adıçəkilən layihə haqda ətraflı məlumat verib. Avropa Komissiyasının maliyyələşdirdiyi layihənin xarici və yerli tərəfdaşları və s. barədə də zəruri informasiyaları iştirakçılarla paylaşan baş mütəxəssis yaradılacaq Azərbaycan Rektorlar Konfransının tərkibində yer alan komitələrin fəaliyyətindən söz açıb, BMU-nun prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Elçin Süleymanovun Elmi işlər üzrə komitənin sədri seçildiyini xatırladıb.
Sonra Brüsseldə təlimdə iştirak edən BMU-nun Tədris işləri üzrə prorektoru, professor Həmzağa Orucov və Tərbiyə işləri üzrə prorektor Bayram Hüseynzadə çıxış ediblər.
Prorektor Həmzağa Orucov bildirib ki, təlim ali təhsilin beynəlmiləlləşdirilməsində potensialın gücləndirilməsi məqsədilə həyata keçirilib. Təlim çərçivəsində “EFMD Global” və digər Avropa tərəfdaşları tərəfindən keyfiyyət təminatı və beynəlmiləlləşmə, tədqiqatların və tədrisin beynəlmiləlləşdirilməsi, həmçinin beynəlmiləlləşmə strategiyalarının inkişaf etdirilməsi məsələləri ətraflı müzakirə olunub. Xüsusən akkreditasiya ilə beynəlmiləlləşmə arasında ciddi əlaqələrin mövcudluğuna diqqətin çəkildiyini deyən Həmzağa Orucov layihənin ümumilikdə qlobal və milli təhsil sisteminə verə biləcəyi faydalardan danışıb.
Təlimdə müzakirə olunan əsas tezisləri iştirakçılarla paylaşan Tərbiyə işləri üzrə prorektor Bayram Hüseynzadə, eyni zamanda “Azərbaycan Rektorlar Konfransının yaradılması” layihəsinin önəmini vurğulayıb. Prorektor ali təhsillə bağlı məsələləri diqqətdə saxlayan, müəyyən problemlərin həllinə dəstək verə bilən belə bir qurumun formalaşmasına ehtiyac olduğunu diqqətə çatdırıb. Avropa və milli universitetlərin təhsil, tədris formatı arasında mövcud fərqlərə də toxunan Bayram Hüseynzadə layihənin universitetlərimizə ciddi töhfə verə biləcəyinə, ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsində rol oynayacağına əminliyini ifadə edib.
Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.