BMU-da Lütfi Zadənin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib

BMU-da Lütfi Zadənin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.

BMU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Manafəddin Namazov Lütfi Zadənin tərcümeyi-halı və elmi yaradıcılığından bəhs edən təqdimatla çıxış edib. O, fundamental nəzəriyyələri ilə elm tarixində ciddi dəyişikliklərə yol açmış görkəmli şəxsiyyət Lütfi Zadənin Bakı şəhərində anadan olduğunu bildirib. Azərbaycanlı olduğunu fəxrlə söyləyən və ürəyi daim doğma Vətəni ilə bir döyünən Lütfi Zadə elm və texnologiyaların inkişafında, eləcə də mədəniyyətlərarası dialoqun qurulmasında misilsiz xidmətlər göstərib.

Azərbaycanlı alimin zəngin elmi fəaliyyətindən söz açan M.Namazov ona dünyada şöhrət qazandıran və istehsalatda geniş tətbiq edilən, eyni zamanda, dünya elmində inqilab sayılan qeyri-səlis məntiq nəzəriyyəsi barədə məlumat verib. Qeyd edib ki, elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə cərəyan edən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradıb. Prorektor vurğulayıb ki, nəzəriyyənin uzun müddət Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməməsinə baxmayaraq, ötən əsrin 80-ci illərində yapon alimlərinin diqqətini cəlb edib və onlar bu unikal nəzəriyyədən yararlanıblar. Lütfi Zadə nəzəriyyəsinin tətbiqi Yaponiyaya milyardlar qazandırıb və nüfuzlu şirkətlərin müxtəlif  məhsulların istehsalında qeyri-səlis məntiq texnologiyasından geniş istifadə edilib. O, Lütfi Zadənin 1989-cu ildə Yaponiya elm adamlarına verilən ən yüksək mükafat - “Honda” mükafatı ilə təltif olunduğu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

M.Namazov Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsindən əlavə 5 fundamental elmi nəzəriyyə (Təəssüratlar nəzəriyyəsi, Sistemlər nəzəriyyəsi, Sözlə işləyən kompüter nəzəriyyəsi, Optimal süzgəclər nəzəriyyəsi, Soft kompyutinq) təklif etdiyini, həmçinin bu nəzəriyyələrin rəqəmli idarəetmə, informasiya və kommunikasiya sistemlərinin yaradılmasının əsasını qoyduğunu vurğulayıb. Bildirib ki, onun nəzəriyyələrinin tədqiqi ilə Berklidə İnformasiya Texnologiyaları üzrə Zadə İnstitutu yaradılıb.

Prorektor vurğulayıb ki, Azərbaycan gəncləri üçün bir məktəb və örnək olan alimin nəzəriyyələrindən bu gün həyatımızın bütün sahələrində, o cümlədən iqtisadiyyatda, fəlsəfədə, sosiologiyada, siyasətdə və münaqişələrin nizamlanmasında tətbiq olunur.

BMU-nun Mühəndislik fakültəsinin dekanı, dosent Hüseyn Mirzəyev Lütfi Zadənin zəngin irsinin, onun elmi əsərlərinin universitetdə geniş formada öyrənilməsinin vacibliyini bildirib və öz təkliflərini söyləyib.

Tədbir BMU-nun Riyaziyyat kafedrasının müdiri, dosent Rakib Əfəndiyev, Avtomatika və elektroenergetika kafedrasının dosenti Rafael Hüseynov və baş müəllimi Hamed Kaghazchinin çıxışları ilə yekunlaşıb.

Digər xəbərlər