Bakı Mühəndislik Universitetinin (BMU) Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin əcnəbi tələbələrlə iş üzrə mütəxəssisi Nərmin Qəhrəmanlı və universitetdə təhsil alan əcnəbi tələbələr (Türkiyə, Gürcüstan, Anqola və Namibiya vətəndaşları) ağacəkmə kampaniyasında iştirak ediblər.
Ağacəkmə aksiyası Ekologiya və Təbii Sərvətlər, Təhsil nazirliklərinin, IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xocəsən qəsəbəsində “Yaşıl Marafon” layihəsi çərçivəsində “Zəfərdən yaşıl düşüncəyə” devizi altında baş tutub.
Ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların artırılması, eyni zamanda əcnəbi tələbələrin şəbəkələşməsi və ictimai aktivliyinin artırılması, əcnəbilərin Azərbaycanda təhsilinin təşviqi məqsədilə payız ağacəkmə marafonunda 17 ali təhsil müəssisəsindən 48 ölkəni əhatə edən 100-dən çox əcnəbi tələbə iştirak edib.
Qeyd edək ki, ağacəkmə kampaniyasında müvafiq qurumların rəhbər şəxsləri və aidiyyəti struktur bölmə rəhbərləri, ölkəmizdə təhsil alan əcnəbi tələbələr, ali təhsil müəssisələrinin nümayəndələri, “2007-2015 Dövlət Proqramı” və “Hökumətlərarası Təqaüd Proqramları (HTP)” məzunları iştirak ediblər. Dövlət Miqrasiya Xidmətinin və Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) nümayəndələri də sözügedən marafona qoşulublar.