Bakı Mühəndislik Universitetində (BMU) təhsil alan əcnəbi tələbələr üçün “International Day” adlı tədbir keçirilib.
Universitetin Xarici əlaqələr və layihələrin idarəolunması şöbəsinin təşkilatçılığı ilə baş tutan tədbir BMU-da təhsil alan əcnəbi tələbələrin ölkələri, milli mədəniyyət və adət-ənənələrinin tanıdılması və qarşılıqlı məlumatlandırılması məqsədi daşıyıb.
Adıçəkilən şöbənin müdiri Nərmin Ələkbərova ilk dəfə qeyd olunan tədbirin məqsədindən söz açaraq, bu qəbildən görüşlərin gələcəkdə də davam etdirilməsinin nəzərdə tutulduğunu deyib. O, BMU-da yaradılan təhsil mühiti, ali təhsil müəssisəsinin beynəlxalq əməkdaşlıq münasibətləri, həyata keçirilən beynəlxalq proqram və layihələri diqqətə çatdırıb.
Ali təhsil ocağına əcnəbi tələbələrin göstərdiyi maraqdan danışan N.Ələkbərova hazırda BMU-da 27 ölkədən əcnəbi tələbənin təhsil aldığını bildirib.
Sonra “Erasmus+KA1” mübadilə proqramı çərçivəsində BMU-da səfərdə olan Akdeniz Universitetinin Dənizçilik-Liman İdarəetmə Bölməsi və Peşə Məktəbinin əməkdaşı Mehlika Arısoy “Türkiyədə təhsil” mövzusunda təqdimatla çıxış edib, ölkəsində təhsilalanlar üçün yaradılan mübadilə proqramları haqda danışıb.
BMU-İNHA İDP üzrə layihə direktoru Yang Hyunjin isə Azərbaycan və Koreya təhsil sistemində, xüsusən akademik təqvim, müəllim və tələbə kontingenti üzrə fərqli cəhətlərdən söz açıb.
Daha sonra tədbirdə tələbələr təmsil etdikləri ölkələri ilə bağlı mədəni müxtəliflik, milli-mədəni dəyərlər və s. haqda ətraflı məlumat veriblər, həmçinin milli adət-ənənələrinin tanıdılmasına yönələn təqdimatla çıxış ediblər.
Tədbir əcnəbi tələbələrin milli yeməklərinin tanıtımı ilə başa çatıb.