Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşları “Azərbaycan Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ KA2 layihəsi çərçivəsində ali təhsilin beynəlmiləlləşdirilməsinə dair təlimlərə qatılıb. Avropa İdarəetmə İnkişafı Fondu (EFMD Global) təşkilatının iştirakı ilə təşkil olunan təlimlər iki gün davam edib.
“Azərbaycanda Rektorlar Konfransı”nın gələcək fəaliyyət və xidmətlərinin müəyyənləşdirilməsi məqsədi daşıyan ilk təlimdə universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Manafəddin Namazov, Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin əməkdaşı Nərmin Ələkbərova iştirak ediblər. Təlim zamanı “EFMD Global” təşkilatının fəaliyyəti və xidmətləri, həmçinin ali təhsil müəssisələrinin keyfiyyət göstəricilərinin artırılması, beynəlmiləlləşmə və qloballaşma, korporativ məsuliyyət, beynəlxalq əməkdaşlıq və s. mövzular üzrə məlumatlar verilib.
“Azərbaycanda Rektorlar Konfransı”nın jurnalının hazırlanması və dərci ilə əlaqədar təşkil edilən növbəti təlimdə isə BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin Elmi işlər üzrə dekan müavini Fərid Cəbiyev iştirak edib. Təlimdə sözügedən jurnalın hazırlığı ilə bağlı aparılan müzakirələrdə beynəlxalq idarəetmənin icması olan “Global Focus”-la bağlı məqamlara toxunulub və jurnalın dərci zamanı onun əsas xüsusiyyətlərindən istifadə olunması tövsiyə edilib.