Bakı Mühəndislik Universiteti (BMU) ilə Türkiyənin kompleks proqram təminatı istehsalçısı olan “Netcad” şirkəti arasındakı əməkdaşlıq çərçivəsində “Netcad Akademiya” proqram protokolu” imzalanıb. Sənədi universitetin rektoru, professor Havar Məmmədov, “Netcad” tərəfdən isə şirkətin Strategiya və biznes tərəfdaşlıqları üzrə baş meneceri Banu İlter imzalayıb.
Əməkdaşlıq protokolu BMU nəzdində “Netcad Akademiya”nın formalaşdırılması, çoğrafi informasiya sistemləri, mühəndislik, inşaat və s. sahələr üzrə yüksəkixtisaslı kadr hazırlığının aparılması, eyni zamanda sektorların ixtisaslı işçi qüvvəsinə ehtiyaclarının ödənilməsi üçün resursların yaradılmasını nəzərdə tutur. Sənəd əməkdaşıq çərçivəsində BMU fakültələrində bakalavriat, magistratura və doktorantura pillələri üzrə təhsil alan tələbələr üçün “Netcad Akademiya” təhsil proqramlarının təşkili, birgə tədqiqat, inkişaf və sosial fəaliyyət ilə bağlı prosedur və prinsipləri əhatə edir.
BMU-da şirkətin əməkdaşları ilə keçirilən görüşdə rektor Havar Məmmədov universitetdə tədrisin müasir standartlar əsasında təşkili, təhsilin keyfiyyətinin daha da gücləndirilməsi və təkmilləşdirilməsi, eləcə də digər məsələlər ilə bağlı aparılan davamlı fəaliyyətdən ətraflı söz açıb. Rektor BMU ilə “Netcad” arasında əməkdaşlığın gələcək istiqamətlərinə toxunub və bu iş birliyinin önəmini vurğulayıb.
“Netcad”ın baş meneceri Banu İlter isə şirkətin ali təhsil müəssisələri ilə qurduğu əlaqələr, onlarla müştərək həyata keçirilən layihə və proqramlar haqda məlumat verib. O, 90-dan artıq ölkə ilə əməkdaşlıq əlaqələri olan şirkətin BMU ilə işbirliyinin faydalı olacağına və genişlənəcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran məqamlar, o cümlədən birgə layihələrin icrası, tələbələrin “Netcad” proqramı ilə tanışlığı, lisenziyalı proqram təminatı və digər istiqamətlər üzrə ətraflı fikir mübadiləsi aparılıb.