Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşları HORİZON 2020 proqramı əsasında “CAMPAİGNers” beynəlxalq layihəsi çərçivəsində Avstriyanın Linz şəhərində olublar. Layihənin I Assambleyasında BMU-nu universitetin Sənaye mühəndisliyi kafedrasının dosenti İsa Qasımov və müəllimi Etibar Qəhrəmanov təmsil edib.
2022-2024-cü illəri əhatə edən layihənin bütün tərəfdaşlarının iştirak etdiyi tədbirdə indiyə qədər görülmüş işlər, aparılmış tədqiqat və nəticələr təqdim edilib, növbəti addımlar müzakirə olunub. Layihə çərçivəsində hazırlanan mobil tətbiqin ilkin versiyası da iştirakçılar tərəfindən sınaqdan keçirilib və onun təkmilləşdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Assambleya layihənin uğurla davam etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb. Belə ki, bütün tərəfdaşların ənənəvi formada (indiyə qədərki görüş və müzakirələr pandemiya şərtləri səbəbindən distant formada təşkil edilib) görüşmək imkanı, eləcə də müxtəlif işçi qruplarında müzakirələrin aparılması fürsətləri layihənin işində məhsuldarlığın artmasına şərait yaradıb.
Hazırda layihə çərçivəsində tədqiqat və təşkilati işlər uğurla davam etdirilir. Avropa İttifaqının maliyyələşdirdiyi və Avstriyanın “Johannes Kepler” Universitetinin Enerji İnstitutunun koordinatoru olduğu layihəyə tərəfdaş kimi qatılan BMU (HORİZON 2020 proqramı çərçivəsində) öhdəlik aldığı tədqiqatlarda aktiv iştirak edir. Bu məqsədlə BMU nümayəndələri komanda çalışmalarına qatılmaqla yanaşı, Bakı şəhəri ilə bağlı müvafiq informasiyaların toplanması və təhlili kimi işlərin yerinə yetirilməsini həyata keçirir. Tədqiqatların tərkib hissəsi kimi yaxın günlərdə növbəti anketin gerçəkləşdirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, layihənin digər tərəfdaşları (cəmi 28 tərəfdaş) 14 xarici ölkədən (Türkiyə, Avstriya, Almaniya, Belçika, İsveç, Norveç, Fransa, Finlandiya, Yunanıstan, İtaliya, İrlandiya, Cənubi Afrika, Litva və Peru) olan universitet, şirkət, bələdiyyə və ictimai təşkilatlarıdır.
“CAMPAİGNers” layihəsinin məqsədi iqlim dəyişikliyinin insanlarda yaratdığı, onlara təsir edən və insan mərkəzli problemlərin çözülməsinə töhfə verməkdir. Layihə çərçivəsində insanların həyat tərzindəki dəyişiklik üçün əngəllər elmi-tədqiqat üsulları və təhlillər ilə aydınlaşdırılacaq, yeni həyat tərzi nümunələri innovativ həll yolları ilə müəyyən ediləcək və sınaqdan keçiriləcək. Əldə ediləcək nəticələrin cəmiyyətdə yayılması və istifadəsi üçün “CAMPAIGNers” adlı mobil tətbiq (mobile application) istifadəyə veriləcək. Bununla yanaşı, Avropa İttifaqının istifadə etdiyi modelləşdirmə vasitələri ilə həyat tərzindəki dəyişikliklərin parnik effektli qazlarına, regionun enerji və iqtisadiyyatına təsiri də araşdırılacaq. Bu işin görülməsi üçün mobil tətbiq hazırlandıqdan sonra istifadəsi zamanı dünyanın müxtəlif ölkələrindən insanlar prosesə cəlb olunacaq. İnsanlar həmin tətbiqdən istifadə edərək həyat tərzlərini onlara verilən tapşırıqlar əsasında dəyişdirə biləcək. Bu dəyişikliyin nəticələri isə məlumat kimi toplanacaq, həmçinin dünyanın digər ölkələrindəki insanlar üçün motivasiya vasitəsi kimi istifadə olunacaq. Layihə icra olunduğu müddətdə 5 qitənin 16 şəhərindən 15 milyon sakinin bu mobil tətbiqdən istifadəsi digər insanların da iştirakını təşviq edəcək.