Bakı Mühəndislik Universitetinin (BMU) Tədris işləri üzrə prorektoru, professor Həmzağa Orucov, Tərbiyə işləri üzrə prorektoru Bayram Hüseynzadə, Xarici əlaqələr və layihələrin idarəolunması şöbəsinin baş mütəxəssisi Nərmin Ələkbərova “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsinin növbəti görüşündə iştirak edib.
Tədbirə layihə konsorsiumunun üzvü olan Azərbaycanın 16 ali təhsil müəssisəsinin prorektorları və digər məsul şəxsləri qatılıb.
Görüşün məqsədi layihənin iş planına əsasən həyata keçirilən fəaliyyətlərin dəyərləndirilməsi və növbəti mərhələdə icrası planlaşdırılan məsələlərin qarşılıqlı müzakirə edilməsi olub.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova layihənin önəmindən danışıb və layihə komandasına uğurlar arzulayıb.
Bakı Biznes Universitetinin Universitet-sənaye işbirliyi mərkəzinin müdiri Gülşən Bayramova görülmüş işlərin nəticələri və Rektorlar Konfransının Azərbaycan modelinin yaradılması məqsədilə işçi qrupunun formalaşdırılmasından bəhs edib. İşçi qrup tərəfindən Rektorlar Konfransının təşkilati strukturu, missiyası, vizyonu, üzvlük qaydaları, Konfransın maliyyələşmə mexanizmləri və onun tərkibində fəaliyyət göstərəcək komitələrin yaradılması haqqında bir sıra sənədlər hazırlanacaq.
Tədbirdə çıxış edən Təhsil Nazirliyinin Elm, ali təhsil və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli layihənin uğurla start götürdüyünü və ölkəmizdə ali təhsilin inkişafı, həmçinin əməkdaşlıq imkanlarının genişlənməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Sonra görüşdə növbəti tapşırıqların icrası ilə əlaqədar fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Avropa Komissiyasının maliyyə dəstəyi ilə icra olunan layihənin koordinatoru Bakı Biznes Universitetidir.