Bakı Mühəndislik Universitetinin (BMU) Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Manafəddin Namazov, Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin müdiri Arif Nəcimov, Kompüter və informasiya texnologiyaları kafedrasının müdiri, dosent Babək Abbasov Avropa İttifaqının maliyyələşdirdiyi və İsveçin Linkopinqs Universitetinin rəhbərliyi ilə icra olunan “Tərəfdaş universitetlərdə mobil tətbiqlərin və oyun dizaynı magistr proqramlarının hazırlanması (MAGnUS)” adlı Erasmus+ KA2 layihəsinin onlayn təşkil edilən iclasında iştirak ediblər.
İsveçin Linkopinqs Universitetinin əməkdaşı və cari layihənin rəhbəri, professor Janerik Lundquist iclasın iştirakçılarını gündəliklə tanış edib.
Sonra layihənin 2019-cu ilin icrası dövründə görülmüş işlərin nəticələrinin təhlili, 2020-ci ildə qarşıda duran vəzifə və öhdəliklər, tərəfdaş universitetlər üçün alınacaq avadanlıqların siyahısı, həmçinin “COVİD-19” pandemiyasından sonra layihə çərçivəsində hər bir tərəfdaşın görəcəyi işlər ətraflı müzakirə olunub. Müzakirələrdə dosent M.Namazov və A.Nəcimov da müxtəlif təkliflərlə çıxış ediblər.
Dosent B.Abbasov isə layihə çərçivəsində hazırlanan “Mobil tətbiqlərin və oyun dizaynı magistr proqramlarının” tədris planının və təlim materiallarının BMU-da hazırlanması haqqında məlumat verib və avropalı ekspertlərin suallarını ətraflı cavablandırıb.
İclasda İngiltərənin Derbi Universiteti, Portuqaliyanın Politexnik Tomar Universiteti, Estoniyanın Tallinn Universiteti, Rusiya Federasiyasının Cənubi Federal Universiteti, Həştərxan Dövlət Universiteti və Voronej Dövlət Universiteti ilə yanaşı, Azərbaycanın digər ali təhsil müəssisələrinin (BDU və ADNSU) əməkdaşları da fəal iştirak ediblər.
Qeyd edək ki, cari layihənin məqsədi Avropa İttifaqına daxil olmayan, yəni Azərbaycandan və Rusiyadan tərəfdaş kimi cəlb edilmiş universitetlər üçün Bolonya prinsiplərinə uyğun və müasir tələblərə cavab verən “Tərəfdaş universitetlərdə mobil tətbiqlərin və oyun dizaynı” magistr proqramını hazırlamaqla İnformasiya Texnologiyaları (İT) tədrisinin keyfiyyətini yaxşılaşdırmaq və İT məzunlarının məşğulluğunu artırmaqdır. Cari layihə çərçivəsində tərəfdaş universitetlərin İT tədrisi ilə məşğul olan müəllimlərin bilik və bacarıqlarının artırılması və müasir tələblərə cavab verən laboratoriyanın qurulması da nəzərdə tutulub.
İcra müddəti 2019-2021-ci illəri əhatə edən layihə haqqında daha ətraflı məlumatı https://magnus2020.org/ linkindən əldə etmək mümkündür.