Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşları “İnsan-Kompüter İnterfeysləri” sahəsində təhsilverənlərin peşəkarlığının yüksəldilməsi və beynəlxalq təcrübənin öyrənilməsi layihəsi çərçivəsində Orta Doğu Texniki Universitetində (ODTU) keçiriləcək təlimdə iştirak edəcək. 21-27 mart 2022-ci il tarixlərində baş tutacaq təlimə BMU-nun Riyaziyyat və informatika kafedrasının baş müəllimi Elməddin Hüseynov, Kompüter və informasiya texnologiyaları kafedrasının müəllimi Əhməd Əhmədzadə qatılacaq.
Layihənin məqsədi müasir çağırışlardan yola çıxaraq “İnsan-Kompüter İnterfeysləri” fənnini tədris edəcək potensial müəllimləri seçmək, fənnin tədris proqramını və dərs kitabını hazırlamaq, eyni zamanda akademik mobillik vasitəsilə laboratoriyanın işi ilə yaxından tanış olub yenilikləri ölkəmizə gətirmək məqsədi daşıyır.
Respublikanın müxtəlif ali təhsil müəssisələrinin mütəxəssislərinin də qatıldığı bu layihənin eksperti dünya şöhrətli alim – ODTU-nun professoru Kürşat Çağıltaydır.
Layihə çərçivəsində nəzəri və praktiki təlimlər nəticəsində seçilmiş 10 müəllimlə dünya sıralamasında 601-800 arası yerdə olan ODTU-da “İnsan-Kompüter Qarşılıqlı Əlaqələri” laboratoriyası ziyarət ediləcək. Bununla yanaşı, Türkiyədə bir çox ali məktəbdə əsas dərs vəsaiti olan K.Çağıltayın “Teoriden Pratiğe. İnsan - Bilgisayar Etkileşimi ve Kullanılabilirik Mühendisliği” kitabı mütəxəssislər tərəfindən Azərbaycan dilinə tərcümə ediləcək, 1000 nüsxəsi Azərbaycanın ali məktəblərinə hədiyyə olunacaq. 2021-ci ilin dekabr ayından start götürən layihənin icrası 2022-ci ilin oktyabr ayında yekunlaşacaq.
K.Çağıltayın rəhbərliyi ilə TUBİTAK layihəsi üzrə ilk “İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi” laboratoriyası 2005-ci ildə qurulub. “İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi” interaktiv texnologiyaların dizaynı, qiymətləndirilməsi və tətbiqi ilə məşğul olan fənlərarası, eləcə də erqonomika, qrafik və sənaye dizaynı, sosiologiya, antropologiya və təhsil elmləri, insan davranışı, psixologiya, idrak elmləri, kompüter texnologiyaları və proqram mühəndisliyi kimi sahələrlə əlaqəli bir tədqiqat sahəsidir. İlk tədqiqat və tətbiq laboratoriyası olmaqla yarandığı gündən interfeyslərin yararlılığının qiymətləndirilməsi, yəni testlərlə göz hərəkətinin izlənməsi cihazı vasitəsilə daha etibarlı məlumatların əldə edilməsi və bütünlükdə insan-kompüter qarşılıqlı əlaqəsinin (HCI, human-computer interaction) öyrənilməsi üzrə akademik tədqiqatlara töhfə verir.
Məlumat üçün bildirək ki, “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsi çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki universitetlərdə, paytaxt Bakı ilə yanaşı, Lənkəran, Mingəçevir və Naxçıvandan təyin olunmuş prioritet üç istiqamət üzrə 9 layihə həyata keçirilir. “İxtisaslar üzrə yeni və müasir tədris məzmununun hazırlanması və tətbiqi” kateqoriyası üzrə “Naxçıvan” Universiteti “İnsan-Kompüter İnterfeysləri” sahəsində təhsilverənlərin peşəkarlığının yüksəldilməsi və beynəlxalq təcrübənin öyrənilməsi layihəsini həyata keçirməkdədir.