Bakı Mühəndislik Universitetinin (BMU) Tərbiyə işləri üzrə prorektoru Bayram Hüseynzadə Erasmus+ layihəsi çərçivəsində “Naxçıvan” Universitetində keçirilən görüşdə iştirak edib.
Tədbirin məqsədi hazırda icra olunan "Azərbaycanda Rektorlar Konfransının yaradılması" layihəsi üzrə əldə olunan nəticələrin qiymətləndirilməsi və gələcək fəaliyyət istiqamətlərinin birgə müzakirəsinin aparılması olub. Avropa Komissiyası tərəfindən maliyyələşdirilən layihənin koordinatoru Bakı Biznes Universitetidir. Layihənin hədəfləri sırasına Azərbaycanda ali təhsilin keyfiyyətinin yaxşılaşdırılması və Avropa təhsil sisteminə inteqrasiyası məqsədilə universitet rektorlarının fəaliyyətinin əlaqələndirilməsi daxildir.
“Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva layihənin əhəmiyyətindən danışıb. Rektor qeyd edib ki, layihə yerli və Avropa universitetləri arasında əməkdaşlığın yeni formatlarını müəyyənləşdirəcək. Növbəti mərhələlərdə Azərbaycan universitetləri bir sıra beynəlxalq qurumların üzvü olmaq şansını əldə edəcək və Rektorlar Konfransı Azərbaycan ali məktəblərinin beynəlxalq aləmdə təmsil olunmasına zəmin yaradacaq. Konfrans həmçinin, yerli universitetlərin təhsil proqramlarının beynəlmiləlləşməsinə və universitetlərin rəqabət qabiliyyətinin yüksəldilməsinə əsaslı dəstək olacaq.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev dünyada gedən əsaslı dəyişikliklər və rəqəmsallaşma şəraitində təhsilimizin qarşısında dayanan yeni çağırışlar və tələblərdən irəli gələn məsələlərin həlli üçün beynəlxalq səviyyədə universitetlərarası qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayıb. Rektor qarşıya qoyulan hədəflər və layihənin əhatə dairəsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini, həmçinin ali təhsil sisteminin inkişafına töhfələr verəcəyini söyləyib.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov layihənin muxtar respublikada ilk tərəfdaşı olan “Naxçıvan” Universitetində keçirilən tədbirin əhəmiyyətinə toxunub. O, layihənin beynəlxalq əhəmiyyətinə və ali təhsil müəssisələrinin inkişafına verəcəyi töhfələr baxımından önəmini qeyd edib.
Milli Erasmus Ofisinin rəhbəri Pərviz Bağırov Erasmus+ çərçivəsində həyata keçirilən Rektorlar Konfransı barəsində beynəlxalq təcrübəni bölüşüb.
Sonra tədbirdə iştirak edən Azərbaycan universitetlərinin prorektorları çıxış ediblər. Çıxışlarda yeni çağırışların müşahidə olunduğu müasir təhsil sistemində universitetlərin daha sıx əməkdaşlığının zəruriliyi, həmçinin layihənin bu istiqamətdə müsbət nəticələr verəcəyinə əminlik ifadə olunub.
Görüşdə əldə olunan nəzəri nəticələrin müzakirəsi, qiymətləndirilməsi və gələcək fəaliyyəti barədə geniş fikir mübadiləsi aparılıb.