BMU-nun prorektoru Erasmus+ layihəsi çərçivəsində Polşada keçirilən tədbirdə iştirak edir

BMU-nun prorektoru Erasmus+ layihəsi çərçivəsində Polşada keçirilən tədbirdə iştirak edir

“Azərbaycan Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində Azərbaycan nümayəndə heyətinin Polşa Respublikasına səfəri başlayıb. Bakı Mühəndislik Universitetinin (BMU) Beynəlxalq əlaqələr üzrə prorektoru Manafəddin Namazovun təmsil olunduğu nümayəndə heyətinə Azərbaycan Respublikası Təhsil Nazirinin müşaviri, layihə konsorsiumunun üzvü olan Azərbaycan universitetlərinin rektorları və digər səlahiyyətli  şəxsləri daxildir.

Səfər çərçivəsində  Macarıstan Rektorlar Konfransının nümayəndələrinin iştirakı ilə Varşava İqtisadiyyat Məktəbində ilk görüş baş tutub.

Tədbirdə Varşava İqtisadiyyat Məktəbinin rektoru Pyotr Vaxovyak Polşa Rektorlar Konfransına üzv olmağın universitet üçün faydaları və prezidenti  olduğu Varşava Ali Təhsil Müəssisələrinin Rektorlar Konfransı haqda məlumat verib.

Azərbaycan nümayəndə heyətini salamlayan Polşa Rektorlar Konfransının (PRK) prezidenti Arkadiuş Mezyk ölkəmizlə əməkdaşlıqdan məmnunluq duyduqlarını ifadə edib. Konfransın yaradılması ilə bağlı vacib məqamlara toxunan Arkadiuş Mezyk PRK-nın Polşa ali təhsil sisteminə verdiyi töhfələr, keyfiyyətin yüksəldilməsi istiqamətində irəli sürülən təkliflər və əldə etdikləri uğurlardan bəhs edib, qurumun iş dünyası, media nümayəndələri və digər Avropa ölkələrinin Rektorlar Konfransları ilə sıx əlaqələrinin olmasını diqqətə çatdırıb.

Daha sonra Almaniya Rektorlar Konfransının Mərkəzi və Şərqi Avropa, Şərqi Asiya departamentinin rəhbəri Rudolf Smolarczyk Rektorlar Konfransının ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlığının genişləndirilməsi, eləcə də ölkədə universitetlərin koordinasiyalı fəaliyyət göstərməsi baxımından vacib olduğunu vurğulayıb. Rudolf Smolarczyk Polşa və Alman Rektorlar Konfransının təhsil siyasəti və müxtəlif inkişaf istiqamətlərinin müzakirəsi üzrə müntəzəm şəkildə əməkdaşlıq etdiklərini də bildirib.

Görüş qarşılıqlı maraq doğuran mövzular ətrafında aparılan müzakirələrlə yekunlaşıb.

 

 

Qalareya şəkilini seçin

Digər xəbərlər