Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar Məmmədov “QS Quacquarelli Symonds” agentliyinin Şərqi Avropa və Orta Asiya üzrə regional direktoru Sergey Xristolubov ilə görüşüb.
Rektor Havar Məmmədov qonağı BMU-da görməkdən məmnunluğunu bildirib. O, universitetin yaranma tarixi, mövcud olan fakültələr və tədris olunan ixtisaslar barədə qonağa ətraflı məlumat verib.
Prezident cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”ndan bəhs edən rektor vurğulayıb ki, proqramın əsas hədəfi ölkənin ali təhsil müəssisələrində yeni nəsil rəqabət qabiliyyətli mütəxəssislərin hazırlanmasıdır. Bu ilin sentyabr ayında Azərbaycanın Təhsil Nazirliyi və “QS Quacquarelli Symonds” beynəlxalq reytinq agentliyi arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilənin imzalandığını xatırladan Havar Məmmədov bunun proqramın icrası və qarşıya qoyulan tapşırığın həlli yolunda atılan növbəti önəmli addım olduğunu bildirib. Rektor proqram çərçivəsində BMU ilə Cənubi Koreyanın İnha Universiteti arasında icra olunan ikili diplom proqramına da toxunub.
Havar Məmmədov BMU-nun gənc universitet olmasına baxmayaraq universitet əməkdaşlarının nəşr aktivliyinə görə ölkə üzrə qabaqcıl mövqe tutduğunu diqqətə çatdırıb. Rektor qeyd edib ki, BMU məşhur Web of Science portalının Publons bazasında elmmetrik göstəricilərə görə, Azərbaycan ali təhsil müəssisələri üzrə ikinci yerdə qərarlaşıb.
S.Xristolubov ali təhsil ocaqlarının QS reytinq cədvəlində yer alması meyarlarını açıqlayıb. Bildirib ki, QS reytinqi bir sıra göstəricilərə görə, o cümlədən akademik nüfuza, universitetlərin müəllim-tələbə sayının nisbətinə, məqaləyə istinadlara, professor-müəllim heyətinin məqalələrinin sayına, işəgötürənlərin nüfuzuna və internet resurslarının effektivliyinə və s. meyarlara görə müəyyənləşir.
S.Xristolubov bu yaxınlarda Təhsil Nazirliyi ilə təmsil etdiyi qurum arasında imzalanan əməkdaşlıq müqaviləsinə toxunaraq qeyd edib ki, məqsəd ölkənin aparıcı universitetlərinə reytinqlərdə iştirak kontekstində informasiya-analitik dəstək verilməsidir. BMU-nun QS reytinqinin qaldırılması istiqamətində öz tövsiyələrini verən S.Xristolubov elmi potensialı gücləndirməyin, beynəlxalq elmi əməkdaşlıqlarda iştirakı artırmağın, beynəlxalq elmi-təhsil mühitində əlaqələr şəbəkəsini genişləndirməyin, eləcə də müəllim və tələbə mübadiləsi proqramlarının inkişaf etdirməyin vacibliyini vurğulayıb.
Görüşdə universitetin hazırkı və gələcək reytinqi ilə bağlı geniş fikir mübadiləsi aparılıb, əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.