Bakı Mühəndislik Universitetinin (BMU) tərəfdaşlığı ilə keçirilən “CAMPAİGNers” beynəlxalq layihəsi əsasında aparılan elmi-tədqiqatlarda Bakı şəhəri Fənər Şəhərlərdən (Lighthouse Cities) biri seçilib.
Tədqiqatın mühüm hissələrindən olan sorğunun keçirilməsinə Bakı sakinləri də (bələdiyyə və icra nüməyəndələri, elmi tədqiqatçılar, qərarverici və icraedici mexanizmlərdə fəaliyyət göstərən səlahiyyətli şəxslər və s.) cəlb edilir. Anketin keçirilməsində Fənər Şəhərlərdəki mütəxəssislərdən, şəhərlərinin iqlim hərəkətlərində iştirak edən və ya dərin biliklərə sahib olanları seçmək üçün məqsədyönlü seçmə üsulundan istifadə edilir.
“CAMPAİGNers” layihəsinin BMU üzrə meneceri, Sənaye mühəndisliyi kafedrasının dosenti İsa Qasımov bildirib ki, hazırda anketdə iştirak edənlərin sayına görə Bakı birinci yerdə qərarlaşıb.
Avropa İttifaqının maliyyələşdirdiyi və Avstriyanın “Johannes Kepler” Universitetinin Enerji İnstitutunun rəhbərliyi ilə 2020-ci ildə qalib olduğu layihədə BMU ilk dəfə olaraq HORİZON 2020 proqramında tərəfdaş kimi iştirak edir. Layihənin digər tərəfdaşları (cəmi 28 tərəfdaş) 14 xarici ölkədən (Türkiyə, Avstriya, Almaniya, Belçika, İsveç, Norveç, Fransa, Finlandiya, Yunanıstan, İtaliya, İrlandiya, Cənubi Afrika, Litva və Peru) olan universitet, şirkət, bələdiyyə və ictimai təşkilatlarıdır.
Tədqiqatların nəticəsi (Avropa Komissiyasının Paris Razılaşmasının məqsədlərinə çatmaq üçün) seçilmiş Fənər Şəhərlərdə həyat tərzi ilə əlaqədar ətraf mühitə təsir edən fəaliyyətlər haqqında spesifik məqamları müəyyən etməyə imkan verəcək.
Tədqiqatlar zamanı Bakı ilə birlikdə - Milan, İzmir, Lahti, Linz, Skopelos, DAFNI, Trois Rivieres, Freistadt, Vilnüs, Pesaro, Grenoble, Dublin, Malmö, Cape Town və Libertad – şəhərlərində də ölçmələrin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, 2021-ci ilin may ayından icra olunmağa başlayan layihənin məqsədi iqlim dəyişikliyinin insanlarda yaratdığı, onlara təsir edən və insan mərkəzli problemlərin çözülməsinə töhfə verməkdir. Layihə çərçivəsində insanların həyat tərzindəki dəyişiklik üçün əngəllər elmi-tədqiqat üsulları və təhlillər ilə aydınlaşdırılacaq, yeni həyat tərzi nümunələri innovativ həll yolları ilə müəyyən ediləcək və sınaqdan keçiriləcək. Əldə ediləcək nəticələrin cəmiyyətdə yayılması və istifadəsi üçün “CAMPAIGNers” adlı mobil tətbiq (mobile application) hazırlanacaq. Bununla yanaşı, Avropa İttifaqının istifadə etdiyi modelləşdirmə vasitələri ilə həyat tərzindəki dəyişikliklərin parnik effektli qazlarına, regionun enerji və iqtisadiyyatına təsiri də araşdırılacaq. Bu işin görülməsi üçün mobil tətbiq hazırlandıqdan sonra istifadəsi zamanı dünyanın müxtəlif ölkələrindən insanlar prosesə cəlb olunacaq. İnsanlar həmin tətbiqdən istifadə edərək həyat tərzlərini onlara verilən tapşırıqlar əsasında dəyişdirə biləcək. Bu dəyişikliyin nəticələri isə məlumat kimi toplanacaq, həmçinin dünyanın digər ölkələrindəki insanlar üçün motivasiya vasitəsi kimi istifadə ediləcək. Layihə icra olunduğu müddətdə 5 qitənin 16 şəhərindən 15 milyon sakinin bu mobil tətbiqdən istifadəsi digər insanların da iştirakını təşviq edəcək.