Dövlət Miqrasiya Xidmətinin (DMX) Müvəqqəti olma və müvəqqəti yaşamaq icazələrinin verilməsi şöbəsinin rəisi Şəhriyar Mustafayev və adıçəkilən qurum yanında İctimai Şuranın üzvü, bu təsisatın Təhsil məsələləri üzrə işçi qrupunun rəhbəri Vidadi Fətullayev Bakı Mühəndislik Universitetində (BMU) təhsil alan əcnəbi tələbələrlə görüşüb.
Öncə noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində şəhid olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
BMU-nun Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin mütəxəssisi Müşviq Mehbalıyev DMX əməkdaşlarını universitetdə görməkdən məmnunluğunu bildirib. Qeyd edib ki, görüşün məqsədi miqrasiya qanunvericiliyi barədə ətraflı məlumat vermək, əcnəbi tələbələri və müəllimləri maraqlandıran sualları cavablandırmaq və onların qarşılaşdıqları problemləri həll etməkdir.
Xidmətin şöbə rəisi Ş.Mustafayev çıxışında miqrasiya qanunvericiliyi haqqında ətraflı məlumat verib. O, əcnəbi tələbələrin Azərbaycan Respublikasına gəlməsi, ölkədə müvəqqəti olması və ölkədən getməsi, həmçinin yaşadığı yer üzrə qeydiyyat məsələlərindən danışıb, bu prosedurların vaxtında həyata keçirilməsinin zəruriliyini vurğulayıb.
Tədbirdə təhsillə əlaqədar ölkəyə gələn müəllimlərin iş icazəsi alabilmə imkanları, əcnəbi tələbələri narahat edən məsələlər istiqamətində geniş fikir mübadiləsi aparılıb, bir sıra təkliflər səsləndirilib.
Qarşılıqlı diskussiya şəraitində keçən görüşdə əcnəbi tələbələri maraqlandıran suallar cavablandırılıb.