Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar Məmmədov Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPI) əməkdaşlarından ibarət nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan və Koreya arasında ikitərəfli münasibətlərin inkişafından söz açan Havar Məmmədov əlaqələrin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu, fəal əməkdaşlığın möhkəmləndirilməsində müxtəlif istiqamətlərlə yanaşı, ali təhsil sahəsinin də xüsusi çəkiyə malik olduğunu vurğulayıb. Bu əməkdaşlığın təcəssümü olaraq, rektor BMU ilə Koreyanın İNHA universiteti arasında 2020-ci ildən bakalavriat səviyyəsi üzrə birgə reallaşdırılan ikili diplom proqramının icrası, proqramın əhəmiyyəti və nəticələri, eyni zamanda BMU-nun nəzdində fəaliyyət göstərən Xırdalan Kral Seconq İnstitutunda ödənişsiz Koreya dili kursları haqda qonaqlara ətraflı məlumat verib.
Azərbaycanda innovasiya ekosisteminin inkişafı üzrə əməkdaşlığı dəstəkləyən STEPI-nin nümayəndə heyətinin ölkəmizə əvvəlki səfərləri çərçivəsində keçirilmiş görüşlərə diqqət çəkən rektor BMU ilə bu qurum arasında informasiya texnologiyaları sahəsində elmi-texniki tədqiqat, suni intellekt və elmi-tədqiqat laboratoriyasının qurulması, həmçinin avtomatlaşdırma, robototexnika üzrə birgə araşdırmaların aparılması üzrə əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulayıb.
Rektor nümayəndə heyətinin ölkəmizə səfərinin AMEA Yüksək Texnologiyalar Parkı və STEPI-nin birgə həyata keçirdiyi “Azərbaycanda Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın artırılması” layihəsi (2022-2024) çərçivəsində reallaşdığını xatırladıb və layihənin önəmini qeyd edib.
Ölkəmizə səfərlərinin təəssüratlarını paylaşan STEPI-nin baş elmi işçisi Eun Joo Kim “Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın gücləndirilməsi” layihəsi, layihə çərçivəsində qurulan əməkdaşlığın istiqamətləri, o cümlədən texnologiyaların transferi, kommersiyalaşdırılmasından da bəhs edib.
Görüş BMU-nun dosenti İsa Qasımovun STEPI-nin dəstəyi ilə qurulan Texnologiyanın Transferi və Elmin Kommersiyalaşdırılması Platforması (TTCP), Xarici əlaqələr və layihələrin idarəolunması şöbəsinin baş mütəxəssisi Nərmin Ələkbərovanın isə universitet haqqında təqdimatları ilə davam edib.
Sonra BMU ilə Koreyanın Hanbat Milli Universiteti arasında Qlobal Sahibkarlıq Təhsili Əməkdaşlığı üzrə Anlaşma Memorandumu imzalanıb. Sənədi Havar Məmmədov və Hanbat Milli Universitetinin Sənaye-Universitet Əməkdaşlıq Fondunun vitse-prezidenti Jong-in Choi imzalayıblar.
Memorandum universitetlər arasında qlobal sahibkarlıq təhsili üzrə fəaliyyətin təşviqini nəzərdə tutur. Sənəd startap və texnologiyaların kommersiyalaşdırılması, məlumat və biliklərin mübadiləsi, qlobal sahibkarlıq təhsili əməkdaşlığı üzrə birgə beynəlxalq seminar və simpoziumların, həmçinin texnologiyanın kommersiyalaşdırılması üzrə təlimlərin təşkili və s. istiqamətləri ehtiva edir.
Görüş maraq doğuran məsələlər ətrafında ümumi müzakirələrlə yekunlaşıb.