Viza və icazə

Viza anlayışı

Viza – əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin dövlət sərhədinin buraxılış məntəqələrindən müəyyən olunmuş qaydada keçməklə Azərbaycan Respublikasına gəlməsinə və Azərbaycan Respublikasından getməsinə, vizada göstərilmiş müddət ərzində ölkədə müvəqqəti olmasına hüquq verən rəsmi sənəddir.

Viza növləri

Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən vizaların giriş və tranzit növləri vardır. Girişlərin sayına görə giriş vizası birdəfəlik və çoxdəfəlik vizalara, tranzit vizası isə birdəfəlik və ikidəfəlik vizalara bölünür.

1.    Birdəfəlik giriş vizası – bu növ vizanın etibarlıq müddəti 90 günədək müəyyən olunur. Bu viza göstərilən müddət ərzində əcnəbi və vətəndaşlığı olmayan şəxsə ölkəyə yalnız bir dəfə giriş-çıxış həyata keçirməyə icazə verir.

2.    Çoxdəfəlik giriş vizası - bu növ vizanın etibarlılıq müddəti 2 ilədək müəyyən olunur. Bu viza əcnəbi və vətəndaşlığı olmayan şəxsə müvafiq müddət ərzində ölkəyə çoxsaylı giriş-çıxışı həyata keçirməyə icazə verir.

3.    Birdəfəlik və ikidəfəlik tranzit vizası– üçüncü ölkələrə gedən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisindən keçmək üçün verilir. Bu növ vizaların etibarlılıq müddəti 30 günədək, ölkədə qalma müddəti isə 5 günədək müəyyən edilir. Tranzit vizaları hava, su, dəmiryol nəqliyyatı və digər nəqliyyat növü vasitəsi ilə gediş marşrutu və ona sərf olunan vaxt nəzərə alınmaqla verilir.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər vizada göstərilən qalma müddəti ərzində və məqsədlə ölkə ərazisində qala bilərlər. Vizada göstərilən ölkədə qalma müddətindən vizanın etibarlılıq dövrü ərzində istifadə edilir. Bu müddət ərzində istifadə olunmayan viza qüvvədən düşür.

Kateqoriya və Məqsədləri

Giriş vizası diplomatik, xidməti və adi kateqoriyalara bölünür.

1.    Diplomatik və xidməti kateqoriyalı giriş vizaları yalnız rəsmi səfər məqsədi ilə Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.

2.    Adi kateqoriyalı giriş vizasını aşağıda qeyd olunan məqsədlərlə Azərbaycan Respublikasına gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslər əldə edə bilərlər:

Təhsil məqsədi ilə Azərbaycan Respublikasına gələn əcnbəi və vətəndaşlığı olmayan şəxslər mütləq təhsil vizası əldə etməlidirlər.  Qeyd olunan linkə keçid edərək viza üçün tələb olunan sənədlərin siyahısı ilə tanış ola bilərsiniz. 

Əcnəbi və vətəndaşlığı olmayan şəxs viza verilməsi haqqında vəsatətlə yaşadığı ölkədə və ya üçüncü ölkələrdə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə və konsulluqlarına şəxsən və ya nümayəndəsi vasitəsi ilə müraciət edə bilər və ya www.evisa.gov.az keçid edərək ASAN viza əldə edə bilər (e-visa verilən ölkələrin siyahısı).

Viza rəsmiləşdirilməsi qaydaları.

Vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələr.

 

Əcnəbilərin Miqrasiya bələdçisi

Olduğu yer üzrə qeydiyyat:

Azərbaycan Respublikasında 15 gündən artıq (Qazaxıstan Respublikasının vətəndaşları 30 gündən artıq) müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.

Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi (“qəbul edən tərəf”) əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində (Qazaxıstan Respublikasının vətəndaşları 30 gün ərzində) həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun (digər sərhədkeçmə sənədinin) surətini(viza səhifəsi və ölkəyə son girişi göstərilmiş səhifələr daxil olmaqla) Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin internet informasiya ehtiyatı (www.migration.gov.az), elektron poçt (qeydiyyat@migration.gov.az) vasitəsi ilə və ya şəxsən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin regional miqrasiya idarələrinə və "ASAN xidmət" mərkəzlərinə  təqdim etməlidir.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də olduğu yer üzrə qeydiyyata alınmaları üçün yuxarıda müəyyən olunmuş qaydada müraciət edə bilərlər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı müddətlərə qeydiyyata alınırlar:

· viza əsasında gələnlər - vizada göstərilən qalma müddətinə;

· viza tələb olunmayan qaydada gələnlər - 90 gün müddətinə.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yerdən getdikdə, qəbul edən tərəf və ya şəxs özü bu barədə şəxsən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə məlumat verir və bu məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılırlar. Qeydiyyat müddəti başa çatdıqda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qeydiyyatdan çıxarılmış hesab edilirlər.

 

Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə, o, yeni olduğu yerə gəldiyi vaxtdan 5 iş günü ərzində bu Məcəllənin 21.2–21.5-ci maddələrində nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs qeydiyyata alındığı mənzilin (yaşayış sahəsinin) sahibinə məxsus digər mənzildə (yaşayış sahəsində) müvəqqəti qaldıqda, onun olduğu yer üzrə yenidən qeydiyyata alınması tələb olunmur.

 

Müvəqqəti yaşayış icazəsi

Bakı Mühəndislik Universitetinə qəbul olunmuş və təhsil vizası əsasında Azərbaycan Respublikasına gəlmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində olmasını və yaşamasını qanuniləşdirmək məqsədi müvafiq icazə alınır.

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilir. 

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə “Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddətdə baxılır.

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir.

Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə, ərizəçinin müraciətində göstərilən, lakin 1 ildən artıq olmayan müddətə verilir və müvafiq əsas olduqda, hər dəfə 2 ildən çox olmayan müddətə uzadıla bilər.

 

 

 

 

Əlaqə:

Bakı Mühəndislik Universiteti

Xarici Əlaqələr və Layihələrin İdarə olunması şöbəsi

Telefon: +994 (12) 349 99 66/67 (+2423 daxili)

Faks: +994 (12) 349 99 90/91

Əlavə təlimatlar üçün elektron poçtla əlaqə saxlayın: iro.admission@beu.edu.az , mmehbaliyev@beu.edu.az