BMU ilə Lissabon Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

BMU ilə Lissabon Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

Bakı Mühəndislik Universitetində (BMU) Portuqaliyanın Lissabon Universitetinin (ISCTE) İdarə heyətinin üzvü, professor Rui Vinhas da Silva ilə görüş keçirilib.

Görüşün əsas məqsədi BMU ilə əməkdaşlıq istiqamətlərinin nəzərdən keçirilməsi olub.

BMU-nun Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin baş mütəxəssisi Nərmin Ələkbərova universitetinin fəaliyyətini özündə əks etdirən təqdimatla çıxış edib. O, universitetdə mövcud olan fakültələr və ixtisaslar, dərc olunan elmi jurnallar, Texnopark, elmi-tədqiqat laboratoriyaları, yataqxanalar, tələbə klubları haqqında ətraflı məlumat verib. BMU-da müxtəlif ölkələrdən əcnəbi tələbələrin təhsil aldığını deyən N.Ələkbərova ali təhsil ocağının beynəlxalq əlaqələrindən, eyni zamanda, icra olunan BMU-İNHA ikili diplom proqramından, müxtəlif beynəlxalq layihələr çərçivəsində həyata keçirilən proqramlardan söz açıb.  

Sonra çıxış edən Rui Vinhas da Silva təmsil etdiyi universitet barədə məlumatları diqqətə çatdırıb. Qeyd edib ki, Portuqaliyanın ilk müasir universitetlərindən biri olan Lissabon Universiteti sürətlə dəyişən dünyada əmək və sosial dinamikanı öyrənmək məqsədi ilə yaradılıb. Professor universitetin təhsil, təlim və tədqiqat proqramları da daxil olmaqla müxtəlif əməkdaşlıq layihələri ilə məşğul olduğunu vurğulayıb. O, universitetdə mövcud olan müxtəlif proqramlar haqqında zəruri informasiyaları görüş iştirakçıları ilə paylaşıb.

BMU-nun İqtisadiyyat və idarətmə fakültəsinin dekanı, dosent Mayis Əzizov qonağı universitetdə görməkdən məmnunluğunu dilə gətirib və Lissabon Universiteti ilə əməkdaşlıq etmək istiqamətində müxtəlif təkliflər səsləndirib.

Görüşdə Dünya iqtisadiyyatı kafedrasının müdiri, dosent Şəhriyar Muxtarov, Biznesin idarə edilməsi kafedrasının müdiri, dosent Nəsimi Kamalov və Maliyyə kafedrasının müəllimi Ülvi Yaqubov gələcək əməkdaşlıqla bağlı fikirlərini bildiriblər.

Müzakirələr zamanı ikili diplom proqramlarının və digər layihələrin icra edilməsi, həmçinin professor-müəllim və tələbə mübadiləsi, elmi-tədqiqat işlərinin aparılması, birgə elmi konfransların təşkili kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Digər xəbərlər